İqtisadiyyat

Bakıda “Rebuild Karabakh” sərgisi başlayıb

Bu gün çoxdan gözlənilən “Rebuild Karabakh” – Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi gerçəkləşib.
“APA-Economics”in məlumatına görə, sərginin açılış mərasimində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, energetika nazirinin müavini Elnur Soltanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Milli Məclisin deputatı, İqtisadiyyat komitəsinin sədri Tahir Mirkişili, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbəy Qasımzadə, “Caspian Event Organisers” şirkətinin rəhbəri Edvard Stron və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində igid Azərbaycan ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqların bərpası prioritet vəzifədir. Həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə təşkil edilmiş “Rebuild Karabakh” sərgisi vacibliyindən danışılıb.
20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi artıq ziyarətçilərini gözləyir. Eyni tarixlərdə, 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi “BakuBuild 2021” və 13-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, SuTəchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku 2021” sərgisini özündə birləşdirən ənənəvi Xəzər İnşaat Həftəsi başlayır. Bu günlər ərzində sərgiyə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər.
Canlı təşkil olunan tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə (sosial məsafə, maska rejimi, antiseptik / təmizləyici vasitələrin tətbiqi, bədən hərarətinin yoxlanılması və ərazinin müntəzəm dezinfeksiya edilməsinə) əsaslanır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button