İqtisadiyyat

Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisində yazıçılarla görüşlər və tamaşalar təşkil olunacaq

6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” keçiriləcək.
Sərginin məqsədi kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
“Baku International Book Fair 2021” kitab sərgisi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri nümayiş olunacaq. Sərgi-yarmarkasında Azərbaycan, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan, Rusiya və Türkiyədən 200-ə yaxın nəşriyyat və poliqrafiya şirkətləri iştirak edəcək.
“Baku International Book Fair 2021” kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.
Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir. Məşhur azərbaycanlı və xarici yazarlar sərginin müxtəlif günlərində “günün qonaqları” olacaqlar: Çingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Toğrul Mehdi Niyazi və digərləri. Tarixçi Fuad Axundovun təqdimatında “Cənubi Qafqaz şəhərlərinin tarixi ənənələri” mühazirəsi baş tutacaq. Ercan Kesal (“Çukur” serialının baş qəhrəmanı İdris Koçovalı) ilə görüş saatı keçiriləcək.
Şairə Nigar Həsənzadənin təqdimatında İgidlərin SÖZü layihəsi xüsusi diqqətə layiqdir. Layihə çərçivəsində 44 günlük müharibədə iştirak edən şəhid və qazilərin şeir təqdimatları baş tutacaq.
Solmaz Amanova, Sayman Aruzu, Orxan Adıgözəl, professor Nəsiman Yaqublu, İradə Məlikova, Elçin Əzimli, kimi yazıçılar kitablarını təqdim edəcək, Azərbaycanın və Türkiyənin gənc şairləri ilə görüşlər keçiriləcək.
Nizami Gəncəvi İli çərçivəsində hər gün səhər saat 10:00-dan etibarən Bakı Ekspo Mərkəzinin foyesində müxtəlif tədbirlər keçiriləcək. Onların arasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı tərəfindən Nizami Gəncəvinin əsərləri üzərində qurulmuş kukla tamaşaları, Xalça Muzeyinin təqdimatı və s. Azərbaycanlı və türkiyəli yazıçılar Nizami Gəncəvinin və Yunus Əmrənin şerlərini oxuyacaqlar.
Uşaqlar üçün bir sıra tədbirlər təşkil olunacaq. Sərgi-yarmarkası zamanı “Tıq-Tıq xanım”, “Cırtdan” uşaq tamaşası, Uşaqlar və böyüklər üçün müxtəlif master-klasslar, ebru (su üzərində rəsm sənəti) və daha nələr nümayiş olunacaq. Yazıçı Solmaz Amanova milli Azərbaycan nağıllarının personajlarını təqdim edəcək və hər bir uşağa paltarını dəyişərək nağıl qəhrəmanı obrazında olmaq imkanı veriləcək. Yazıçı Mürşüd İsmayılzadə ilə intellektual oyunlar keçiriləcək.
Sərgi-yarmarka çərçivəsində Nizami Gəncəvinin əlilliyi olan uşaqlar üçün işarə dilinə tərcümə edilmiş “Yeddi gözəl” kitabının elektron versiyasının təqdimatı baş tutacaq.
Proqramın tam versiyası ilə sərginin rəsmi saytında tanış ola bilərsiniz: https://bakubookfair.az/az-programme/.
Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcəklər. Avtobusların hərəkət cədvəli ilə linkə daxil olaraq tanış ola bilərsiniz: https://bakubookfair.az/az-content/26.html
Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, qızıl sponsoru – BP şirkəti, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button