Siyasət

Bakı Qafqazı dəyişir: Rusiya yeni imkanlar əldə etmək istəyir

Cənubi Qafqazda yeni geosiysi reallıqlar formalaşır və onların miqyası genişdir.

Yanvarın 11-də Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiyanın dövlət başçısı Vladimir Putinin görüşü gözlənilir. 44 günlük Vətən Müharibəsindən sonra bu, Qarabağda atəşkəsin təminatçısı kimi çıxış edən Rusiya prezidenti ilə İ.Əliyev və N.Paşinyanın ilk görüşü olacaq.

Ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Qarabağda sülhün bərqərar olmasında əsas addım idi. Lakin bu bəyanat bir sıra suallları cavabsız qoyub.

Rusiyanın “Rosbalt” informasiya agentliyinin dərc etdiyi “Rusiyanın Cənubi Qafqazda təsirinin yeni arxitekturası” məqaləsi də bəhs etdiyimiz situasiyaya həsr olunub. Müəllifin fikrincə, “3 (Rusiya, Ermənistan, Azərbaycan) + 3 (Türkiyə, İran, Rusiya)” formulu regiona çoxdan gözlənilən sülhü, stabiliyi və iqtisadi inkişafı bəxş edə bilər.

Postkonflikt nizamlanmaların incə məsələlərində tələsiklik yolverilməz olsa da, əsas parametrlər artıq yuxarı ekstremum nöqtəsini keçiblər.

Əsas məsələ indi Cənubi Qaqfazdla uzunmüddətli stabilliyin bərqərar olması şanslarını məhv etməməkdir.

Rusiya Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək və daha da möhkəmləndirmək istəyir. Bu, aşkardır və faktdır.

Vladimir Putinin bəyanatlarına görə, İkinci Qarabağ Savaşının sonucları baxımından münaqişə keçmişdə qalıb və Qarabağda siyasi nizamlanma dönəmi başlanmalıdır. Bu isə təbii, münaqişənin tənzimlənməsinin yeni mərhələsinə cəlb olunmamış kollektiv Qərbin narazılığına səbəb olub.

Rusiyanın XİN başçısı Sergey Lavrovun son bəyanatlarına diqqət yetirsək, görərik ki, o, ATƏT-in Minsk Qrupunda həmsədr ölkələr olan ABŞ və Fransanın narazı qaldığını, daha doğrusu, Qarabağda sülhün əldə olmasında Rusiyanın əsas və yeganə vasitəçi qismində çıxış etməsindən qıcıqlı olmalarını etiraf edib. Siyasi nizamlanmanın yeganə moderatoru mövqeyindən Rusiyanı kənarlaşdırmaq və anlaşmaları dezavuasiya etmək cəhdləri də Moskvanın fikrincə, məhz bununla bağlıdır.

İkinci Qarabağ savaşından sonra regionun postmüharibə vəziyyətini yenidən formalaşmasında Azərbaycanla münasibətlər əlahiddə yer tutur.

Əvvəla bu, Qarabağ münaqişəsinin hərbi sonucları ilə bağlıdır. Sonrakı məqam isə Rusiyanın sülhməramlı kontingentinin Qarabağda, yəni Azərbaycan ərazisində yerləşməsidir.

Üstəlik, Qarabağla bağlı anlaşmalarda Türkiyənin də əlahiddə yeri var.

Ən nəhayət, ABŞ-ın yeni prezidenti Cozef Baydenin səlahiyyətlərini icra etməyə başlayandan sonra Vaşinqtonun proseslərə müdaxilə etmək cəhdləri qaçılmaz olacaq. Təbii, belə vəziyyət Vaşinqtondakı yeni administrasiyaya bir qədər şübhə ilə yanaşmağa əsas verir.

Postmünaqişə mərhələsi zamanı, yəni indi qarabağlı ermənilərin separatizminin yenidən baş qaldırması ehtimalları Bakını narahat edən əsas məsələlərdən biri, bəlkə də birincisidir. Bu cəhdlərin Qarabağda rusiyalı sülhməramlıların operativ fəaliyyət nəzarətində olduğu ərazilərdə cərəyan etməsi Bakını qayğılandırır.

Cəhdlər isə az deyil. Ermənistanda və Xankəndidə səslənən partizan savaşına çağırışlar, Ermənistan və Qərb siyasətçilərinin Xankəndində təhrikedici, provokativ səfərləri, habelə rusiyalı sülhməramlıların informativ təxribatlara cəlb edilməsi sadalanan məqamlar arasındadır.

Ermənistandakı revanşist və qisasçı qüvvələrin başlıca məqsədi belə təxribatlar, aksiyalar vasitəsilə Bakıda rusiyalı sülhməramlılara etibarı və etimadı azaltmaq, bu minvalla Qərbin prosesə müdaxiləsi üçün imkanlar yaratmaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev fransız deputatların Xankəndinə səfərindən narazı qalaraq demişdi: “Sülhməramlıların diqqətinə çatdırmışıq ki, bizim icazəmiz olmadan heç bir xarici ölkə vətəndaşı Dağlıq Qarabağa səfər edə bilməz”.

Fransanın səfiri Azərbaycan XİN-ə çağırıldı, ona etiraz notası təqdim olundu.

Rəsmi Bakı susan deyil və Azərbağycanın da səbr kasası sonsuz sayılmamalıdır.

Görünən aydın məsələ var: Qarabağdakı rusiyalı sülhməramlıların heç bir halda erməni separatizmi və revanşimzinin qanuniləşdirilməsi, legitimləşdiriləsi üçün zəmin olmayacağı barədə Moskva Bakıya ciddi təminatlar verməlidir.

Məhz bu səbəbdən Rusiyanın kütləvi informasiya vasitələrində indi “3 (Rusiya, Ermənistan, Azərbaycan) + 3 (Türkiyə, İran, Rusiya)” müzakirə olunmağa başlayıb. Bəhs olunan konfiqurasiyada ən zəif bənd təbii ki, Ermənistandır. İkinci Qarabağ Müharibəsində kapitulyasiyanın daha da ağırlaşdırdığı siyasi, iqtisadi və mənəvi-psixoloji böhranlar içində çabalayan Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan qüvvələr revanşizmi əlverişli vasitə sayırlar.

Üstəlik, bu erməni revanşizmi Qərbdəki bəlli ölkələr və dairələr tərəfindən dəstəklənir.

Ermənistan cəmiyyətinin belə təhlükəli və mənasız illüziyalardan qurtuluşu isə Moskvanın moderatorluğu və vasitəçiliyi ilə əldə edilmiş anlaşmalardan İrəvanın boyun qaçıracağı, şərtləri yerinə yetirmək istəməyəcəyi təqdirdə ermənilərin Qərbdəki havadarlarına güvənmələrinin tam mənasız, hətta təhlükəli olmasını anlamalarıdır.

“Skandinav sülhməramlıları”ndan savayı, ciddi heç nə təklif etməmiş və etməyəcək də Vaşinqtonla Parisdən fərqli olaraq məhz Rusiya Ermənistan üçün fəlakətli savaşın dayandırılmasına nail oldu.

Məhz Rusiya qarabağlı ermənilərin yaşam təhlükəsizliyi ilə bahəm, Ermənistanın ümumiyyətlə, varlığının və mövcudluğunun qarantıdır.

Məhz Rusiya qarabağlı ermənilərə humanitar yardımlar göstərməklə, onların yaşamlarını tədricən normal axara qaytarmaqla məşğuldur.

Ermənistan rəhbərliyi və cəmiyyəti dərk etməlidir ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulmuş məqamlar arasında İrəvan üçün həyati önəm daşıyan kommunikasiyaların blokadadan qurtulması ehtimalı da var. Anlaşmanın bu bəndinin ən qısa zamanda reallaşdırılması Ermənistanı iqtisadiyyatının regional nəqliyyat və infrastruktur layihələrinə, o cümlədən “Şimal-Cənub” marşrutuna qatılmasına imkan verəcək.

Azərbaycan ərazisindən keçməklə Rusiya və İranla dəmiryol nəqliyyatının bərpası isə Emənistan üçün faktiki olaraq MDB-nin Avrasiya İqtisadi Birliyi (AİB) ilə İran arasındakı marşrut formatında hab yaratmağa şərait yaradacaq.

Bunun reallaşması üçün Moskvanın kommunikasiyaların bərpası və yükdaşımaların buraxılış həcmləri ilə bağlı Bakıdan konkret öhdəliklər almasına da zərurət yoxdur.

Sözügedən nəqliyyat klasterinin gerçəkləşməsinin digər geosiyasi sonucu isə Cənubi Qafqazda ciddi strateji oyunçu olan İranın da regional əməkdaşlığa qatılması olacaq.

Yeni nəqliyyat dəhlizlərinin təhlükəsizlik qarantı qismində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin çıxış edəcəklərini də nəzərə alsaq, Rusiya regional təhlükəsizliyin və stabilliyinin yeni konstruksiyasını təqdim etdiyini vurğulayır.

Təbii ki, ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri Fransa və ABŞ-dan fərqli olaraq, Rusiya indi unikal mövqedədir. Bakı ilə İrəvan arasında diplomatik münasibətlərin yoxluğu, Qarabağda rusiyalı sülhməramlıların olması Moskvaya Azərbaycan-Ermənistan dialoqunun bütün spektri boyunca “ən əhəmiyyətli vasitəçi” imkanlarını formalaşdırır. Həmin imkanlar isə sərhədlərin demarkasiyası və delimitasiyasından tutmuş, bölgədə uzunmüddətli təsir rıçaqlarına yiyələnməkdir.

Əsas məsələlər Azərbaycan və Ermənistan sərhədlərinin, ərazi bütövlüyünün qorunması, əhalinin təhlükəsizliyinin təminatı və iqtisadi inkişafa təkan verilməsidir.

Beləliklə, Rusiya tarixində ilk dəfə olaraq postsovet məkanında uzun illərdən bəri davam edən qanlı münaqişəni tam nizamlayan sülhməramlı qismində çıxış edə bilər.

Moskva həm də noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla bağlı əlavə protokollar imzalayaraq strateji anlaşmaları qanuniləşdirmək istəyir.

Məqsədlərdən biri də yeni situasiyaya, xüsusilə də regionda nəqliyyat-kommunikasiya fəallığının artacacağı dönəmin müstəvisinə Gürcüstanı da əlavə etməkdir.

Beləcə, Rusiya Cənubi Qafqazın strateji, yeni konfiqurasiyasını özünə əlverişli hala salmaq istəyir.

Azərbaycan indiki vəziyyətdə “3+3” formatının istənilən halda inkişaf modeli olduğunu anlayır, lakin bunun üçün Ermənistanın və dünya erməniliyinin revanşizm, separatçılıq meyllərinə və yeni savaşa çağırışlaar son qoyulmalıdır.

Birdəfəlik, ən sərt və qəti şəkildə.

Əks təqdirdə Ermənistanı yeni, çox ciddi problemlər gözləyir.

Qarabağda hələlik rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdəki silahlı ermənilərə, onların partizan savaşına çağırışlarına gəldikdə isə – bu şəxslər dərk etməlidirlər ki, Azərbaycan vətəndaşlarına qarşı silahlı hücum niyyəti belə, onları terrorçulara çevirir.

Qarabağ ərazisində istənilən erməni əlisilahlı olarsa, legitim hərbi hədəfdir.

Bəhs olunan məqamlarsa regional stabilliyə, xüsusilə də Rusiyanın maraqlarına əsla cavab vermir.

…Bu gün Rusiya prezidenti Qarabağ və ümumiyyətlə, Cənubii Qafqazdakı situasiya ilə bağlı toplantı keçirib. Toplantıda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, XİN başçısı Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak ediblər.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button