İdman

Bakı idman gimnastikası üzrə FIG Dünya Kubokuna ev sahibliyi edəcək

Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenası daha bir mötəbər yarışa – Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokuna ev sahibliyi edəcək.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 35 ölkədən 151 idmançı qüvvəsini sınayacaq.

Qeyd edək ki, dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 12 manat təşkil edir.. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Yarışlar haqda məlumatlar mütəmadi olaraq saytımızda (www.agf.az) yenilənəcək.
Yarışlar hər gün saat 12:00-da başlayacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button