İqtisadiyyat

“Bakcell” abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb

“Bakcell” şirkətinin abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək göstərmək istəyən abunəçilər öz mobil telefonlarından “8112” qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla SMS göndərərək müvafiq olaraq, 1, 3, 5, 10, 20 və 50 manat məbləğində ianə edə bilərlər. “Bakcell” nömrələrindən SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!
Xatırladaq ki, bu ilin əvvəlində “Bakcell” şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. “Bakcell” şirkətinin də daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 mln. manat təşkil edib.
Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir (https://qdf.gov.az/).
Qarabağ Dirçəliş Fonduna digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: ( https://qdf.gov.az/iane-et/).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button