Cəmiyyət

BƏƏ-də qadınlar kişilərlə eyni hüquqi statusa malikdir

Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki Səfirliyi ilə Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universiteti birgə əməkdaşlıq çərçivəsində “Qadın Hüquqlarının Genişləndirilməsi” mövzusunda onlayn seminar təşkil edib.

İstiqlal.az xəbər verir ki, tədbirdə çıxış edən BƏƏ-in Azərbaycandakı müvəqqəti işlər vəkili Abdalla AlShamsi ölkəsinin qadın hüquqlarına dair Mili Strategiyası barədə ətraflı məlumat verərək, qeyd edib ki, mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanın dövründə, qurulduğu gündən etibarən Birləşmiş Ərəb Əmirlikləri müxtəlif siyasi, iqtisadi və sosial sahələrdə, xüsusilə də böyük və sürətli dəyişikliklərin şahidi olmuşdur, qadınlara dair məsələlər və onların cəmiyyətdə iştirakı və qadınların hüquqlarının genişləndirilməsinə xüsusi diqqət yetirilib. O vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin konstitusiyası bütün vətəndaşları üçün bərabər hüquqlara zəmanət verir və BƏƏ-də qadınlar kişilərlə eyni hüquqi statusa malikdirlər, onların mülkə sahib olmaq, təhsil almaq və əmlaka varis olmaq hüququ kişilərlə eynidir. “Dünya Bankının Qadınlar, Biznes və Hüquq üzrə 2020 Hesabatında BƏƏ-nin dünyanın ən yaxşı on iqtisadiyyatı arasında yer aldığı və gender bərabərliyi indeksində ən böyük irəliləyişə nail olduğu bildirilib.

“BƏƏ-də 1975-ci ildə Əlahəzrət Şeyxa Fatimə bint Mübarək tərəfindən Ümumi Qadınlar Birliyinin təsis edildiyi gün – 28 avqustda BƏƏ Qadınları Gününü qeyd edir.”, deyə AlShamsi öz çıxışında bildirib.

O, həmçinin, əlavə edib ki, BƏƏ humanitar böhranlarda həyata keçirilən bütün BƏƏ-nin maliyyələşdirdiyi humanitar proqram və layihələrin bir hissəsi kimi qadınların və qızların müdafiəsinə BƏƏ-nin öhdəliyini artırmaq məqsədi daşıyan “100 faiz Qadınlar” Siyasəti də hazırlayıb.

Filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova çıxış edərək, mövzunun aktuallığını vurğuladı. O bildirdi ki, dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ile bağlı aparılan tədbirlər bugün önəmli yerlərdən birini tutur. Azərbaycanda da son illərdə bu istiqamətdə intensiv işlər görülür.

Ü.Hüseynova bu seminarın təşkilində tələbələrin rolunu xüsusilə qeyd etdi və fürsətdən istifadə edərək gənc nəslin gender rolları barəsində daha ədalətli fikirlərinin formalaşmasını hədəfləyən bu mühüm təşəbbüsə görə BƏƏ səfirliyinə öz təşəkkürünü bildirdi.

Tədbir ərəbdilli tədqiqatçıların çıxışı ilə davam etdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button