Cəmiyyət

Azad edilən ərazilərdə ümumqoşun atış sahəsi açılıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə məruzə olunub ki, mərkəzdə təlimlərə cəlb ediləcək şəxsi heyətin, təlim-döyüş texnikasının yerləşməsi və fəaliyyəti üçün bütün lazımi infrastruktur qurulub.

Xüsusi olaraq modelləşdirilmiş təlim mərkəzi real döyüş şəraitinə uyğunlaşdırılaraq inşa edilib. Burada müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üçün məşğələlərin keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, təlim mərkəzində minaatan, qumbaraatan, atıcı və digər silahlardan atış çalışmalarının yerinə yetirilməsi, döyüş tapşırıqlarının icra edilməsi üzrə mövzuların tədrisi və praktiki məşq etdirilməsi üçün lazımi şərait yaradılıb.

Qeyd edilib ki, hərbi qulluqçuların döyüş hazırlığının daha da artırılması və peşakarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlim məşqləri ixtisaslı mütəxəssis-təlimatçılar tərəfindən həyata keçiriləcək.

Ümumqoşun atış sahəsinə baxış keçirdikdən sonra müdafiə naziri bölmələrin nümayiş döyüş atışlarını izləyib.

General-polkovnik Z.Həsənov Vətən müharibəsində qazanılan təcrübənin tətbiq edilməsi ilə müasir təlim-məşq üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiqi və mövcud şəraitə uyğunlaşdırılaraq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button