İqtisadiyyat

Azərbaycandakı xarici şirkətlərin yarısından çoxu ölkəyə yeni investisiyalar yatırmağı planlaşdırır

Hazırda Azərbaycanda xarici şirkətlərin 57%-i genişlənmək və ölkəyə yeni investisiyalar yatırmağı planlaşdırır.
“APA-Economics”in məlumatına görə, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azərbaycan”) bazarın təhlili və kommunikasiya şöbəsinin rəhbəri Nigar Bayramlı “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” adlı müstəqil hesabatın təqdimatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, qlobal biznesdə vəziyyət sabitləşir və bu da şirkətlərin 2021-2022-ci illər üzrə olan biznes məqsədlərində əksini tapır.
N. Bayramlı qeyd edib ki, “AHK Azərbaycan”ın dərc etdiyi hesabat çərçivəsində aparılan sorğunun nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin 95%-i ölkə qarşısında öhdəliklərini yenidən təsdiqləyib və bu, 2020-ci ildəki göstəricidən yüksək olub (91%).
Qeyd edək ki, sorğuda ümumilikdə 130 şirkət iştirak edib (20-si Azərbaycanı təmsil edib), xarici respondentlər 19 ölkəni təmsil edib. İştirak edən əsas xarici şirkətlərin 28%-i Almaniyadan, 11%-i Böyük Britaniyadan, 11%-i ABŞ-dan, 6%-i İsveçrədən 5%-i isə Türkiyədən olub.
Xatırladaq ki, “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” “AHK Azərbaycan”ın “KPMG Azərbaycan”la birgə əməkdaşlıq çərçivəsində hazırlayıb dərc etdiyi müstəqil nəşrdir. Bu ilin may-iyul aylarında aparılan onlayn sorğunun nəticələri əsasında formalaşan bu hesabat, ölkədə investisiya mühitinə xüsusi diqqət ayırmaqla xarici şirkətlərin fəaliyyəti haqqında rəyləri əks etdirir. Onlayn keçirilən bu sorğu ümumi, mövcud iqtisadi vəziyyət, və eləcə də yaxın gələcəkdəki iqtisadi perspektivlərlə bağlı əsas məlumatları əhatə edən 21 sualdan ibarətdir. Sorğuya həmçinin ölkədəki investisiya mühitini və ölkəyə xarici kapital axınını daha da yaxşılaşdırmaq məqsədilə zəruri islahatların paralelində, davam edən iqtisadi islahatların səmərəliliyinə dair suallar daxil edilib. Ən son yenilikləri nəzərə alaraq, bu ilki nəşrdə bəzi suallar bir qədər dəyişdirilib və şirkətlərin Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi canlanmasında iştirak etmək niyyətlərini anlamaq üçün iki yeni sual da sorğuya əlavə edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button