GündəmManşet

“Azərsun”un bazasındakı yanğın söndürülüb – yenilənib

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Sumqayıt sənaye parkı ərazisində baş verən yanğının söndürülməsinin gedişatı ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Ümumilikdə təqribən 5000 kv.m sahədə baş vermiş yanğın 4000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğınsöndürənlərin çox böyük qəhrəmanlıq göstərdiklərini deyib: “Belə bir alovun içinə girmək çox çətindir. Bu gün yanğınsöndürənlərimiz, və pilotlarımnız çox böyük qəhrəmanlıq göstərdilər”.

Nazir yanğının söndürülməsinin gecikməsini ərazinin böyük olması ilə izah edib: “Söhbət 5000 kvadrat metrdən gedir. Onun 4 mini söndürülüb və soyudulub. İndi min kvadrat metr söndürülür. Söndürmə və soyutma sürəti normativdən 2 dəfə artıqdır”.

***

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğının əhatəsi genişlənir.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının əhatə dairəsi böyüyüb. Göstərilən səylərə baxmayaraq yanğını söndürmək hələ mümkün olmayıb.

Yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Hazırda yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.

Qeyd edək ki, ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşınıb, işçilərin təxliyəsini təmin olunub.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazirlikdən APA-ya verilən məlumata görə, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.

“Report” xəbər verir ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button