Cəmiyyət

Azərbaycanlı gənclər peyk modeli hazırlayacaq

Bu il mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində azərbaycanlı gənclərə peyk modelli hazırlamaq üçün şərait yaradılacaq.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bu məqsədlə tələbələr üçün “Həvəskar peyk modelləşdirilməsi” (CANSAT) müsabiqəsi elan edilib. Müsabiqə tələbələrin kosmik sahədə nəzəri və yeni praktiki biliklər qazanması, xüsusilə peyk modelləşdirilməsi və onun idarə olunması sahəsində yerli mütəxəssislərin hazırlanması məqsədini daşıyır, tələbələrin mexanika, elektronika, proqramlaşdırma sahələrində baza biliklərinin formalaşmasına təkan verəcək. Bundan əlavə, tələbələr komanda işi, təqdimat, planlaşdırma bacarıqlarını təkmilləşdirə biləcəklər.

Müsabiqənin şərtlərinə əsasən, tələbələr komanda quraraq yarışmada iştirak edə bilərlər. Həmçinin hər bir komanda kiçik peyk modeli hazırlayaraq müsabiqəyə təqdim etməlidir. Peyk modeli müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra sensorlardan lazımi məlumatları toplamaq funksiyasını yerə eniş edənə kimi dəqiq yerinə yetirməlidir. Peyk həmin məlumatı telemetriya paketi formasında müvafiq interfeysə göndərərək təyin olunmuş missiyanı yerinə yetirməyi bacarmalıdır. Missiya dedikdə tələbələrin hazırlayacağı peykin daşıyıcıdan ayrıldıqdan sonra ayrılmanı avtonom olaraq təyin etməsi və ayrılma uğurlu olduğu halda, yer səthinin videogörüntüsünü qeydə alaraq onu daxili yaddaş kartında saxlaması nəzərdə tutulur.

Tələbələrdən ibarət komandalar B kateqoriyasını təmsil etməklə I yer 6000 AZN, II yer 4000 AZN, III yer 2000 AZN-dən ibarət Mükafat Fondu uğrunda mübarizəyə qoşula biləcəklər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button