İdman

Azərbaycanın şahmat yığmasına belaruslu məşqçi cəlb olunub

Azərbaycan Şahmat Federasiyası (AŞF) yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığma komandanın hazırlıq səviyyəsini artırmaq üçün Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.

AŞF-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hazırda Bakıda olan Şareşevski bir müddət gənc və yeniyetmə şahmatçılar, o cümlədən, qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Hazırlıq şahmatçıların fərdi inkişafına uyğun xüsusi proqramla keçiriləcək.

Qeyd edək ki, MDB məkanında tanınan məşqçi olan Mixail Şereşevski 1950-ci ildə Minskdə anadan olub. Karyerası ərzində Belarus çempionatının mükafatçısı olub, dəfələrlə ölkəsində milli komandaya cəlb edilib. Şereşevskinin yetirmələri arasında İlahə Qədimova, Aleksey Aleksandrov, Yelena Zayats kimi şahmatçılar var.

Onun şahmatla bağlı yazdığı “Endşpilin strategiyası”, “Endşpilin cizgiləri”, “Gənclərlə endşpilə doğru” adlı kitabları şahmat aləmində böyük populyarlıq qazanıb. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, sabiq dünya çempionu Vladimir Kramnik, şahmat tacı uğrunda görüşdə iştirak edən Boris Gelfand kimi şahmatçılar Şereşevskinin kitablarını yüksək qiymətləndirib, gənc nəsil üçün misilsiz təhlil adlandırıb. Son illər o, Kramnikin Soçidə yerləşən “Sirius” şahmat məktəbində böyük məşqçi kimi fəaliyyət göstərir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button