Gündəm

Azərbaycanın qaytardığı erməni hərbçilərini İrəvana Fransa hərbi təyyarəsi apardı

Azərbaycanın geri qaytardığı 8 erməni hərbçisini İrəvana Fransa Hərbi Hava Qüvvələrinin C-130 nəqliyyat təyyarəsi aparıb.

virtualaz.org xəbər verir ki, erməni KİV-lərinin “Zvartnots” aeroportundan yaydığı kadrlarda hərbi nəqliyyat təyyarəsinin üzərində Fransa bayrağının olduğu görünür. Hərbi qulluqçuları Fransanın Ermənistandakı səfiri Ann Luyo və Avropa İttifaqının nümayəndəsi Andrea Viktorin, habelə Ermənistan XİN rəhbərinin müavini Paruyur Ovannisyan qarşılayıblar.

 

 

***

Azərbaycan tərəfi ötən ilin noyabrında Ermənistanla dövlət sərhədinin Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı saxlanılan erməni hərbçilərindən bir neçəsi də daxil olmaqla  daha 8 erməni hərbçisini  qaytarıb. Bu humanist addım ötən həftə Fransa prezidenti Emmanuel Makron, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, habelə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında videokonfrans formatında keçirilmiş danışıqlardan sonra atılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir:

– Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

 

Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

Qeyd olunmalıdır ki, cari ilin fevralın 4-də Fransa Respublikasının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə Azərbaycan Respublikasının prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırıb, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb. Qeyd olunan məsələ Fransa Respublikasının prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button