Gündəm

Azərbaycanın müdafiə nazirliyində tender korrupsiyası

Azərbaycanın Müdafiə Nazirliyi sistemində çox böyük bir korrupsioner şəbəkəsinin olduğu ortaya çıxıb. Son həftələrdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov daxil, xeyli sayda yüksək vəzifəli və yüksək rütbəli zabitlər həbs olunub. İctimaiyyət üçün açıqlanan rəsmi məlumatlarda həbs olunanların dövlət büdcəsindən ordu üçün ayrılan on milyonlarla manat vəsaiti korrupsiya yolu ilə mənimsədikləri bildirilir. Ekspertlər hesab edir ki, həbslər daha yuxarılara doğru davam etməlidir və edəcək. Bəs Müdafiə Nazirliyinə, orduya büdcədən ayrılan vəsaitləri talayan mafiyanın tamamilə axırına çıxmaq mümkün olacaqmı? Bu həbslər nə ilə nəticələnəcək? Yoxsa keçmiş MTN-də, XİN-də, Mədəniyyət Nazirliyindəkilərin eynisi olacaq?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, Müdafiə Nazirliyində milyonlarla büdcə vəsaitinin talanması hər bir Azərbaycan vətəndaşında hiddət doğurur. Ordumuzun qüdrətinin artırılmasına, əsgərlərimizin şəraitinin yaxşılaşdırılmasına ayrılmış dövlət vəsaitlər ayrı-ayrı vəzifəli şəxslərin korrupsiya əməlləri nəticəsində talan edilib. Bu, son dərəcə ağır cinayətdir: “Bu, təkcə maliyyə cinayəti deyil, bu, xalqa, dövlətə, Ali Baş Komandana, əsgərlərimizə qarşı ağır cinayətdir. Bu cinayəti mütəşəkkil şəbəkə həyata keçirib. Həmin şəbəkənin başında dayananlar həbs olunmalıdır, həmin şəbəkəyə daxil olan bütün şəxslər kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Belə olmayacaqsa, gələcəkdə də Müdafiə Nazirliyi sistemində o cür qanunsuzluqlar, talanlar baş verə bilər. Keçmiş MTN-də, Mədəniyyət Nazirliyində və Xarici İşlər Nazirliyində də qanunsuzluqlar, cinayətlərin baş alıb getdiyi ortaya çıxdı və həbslər oldu. Ancaq həbslərin birinci şəxsləri və digər yüksək vəzifə sahiblərini əhatə etməməsi məlumdur.

Bu isə cəmiyyətdə, vətəndaşlarda haqlı suallar yaratdı. Necə ola bilər ki, bir nazirliyin strukturlarında dəhşətli korrupsiya halları, başqa qanunsuzluqlar həyata keçirilsin, lakin həmin qurumların rəhbərləri olan şəxslər məsuliyyətə cəlb edilməsin? Bu, istintaqın obyektiv aparılmasını bir az şübhə altına qoyan amillərdəndir. Hesab edirəm ki, Müdafiə Nazirliyi ilə bağlı gedən prosesdə o cür hallara yol verilməməlidir. Martın 4-də Milli Məclisin iclasında deputatların bəzilərinin də bu məsələ barədə konkret açıqlamalarla çıxış etmələri məlumdur. Həmin deputatlarla həmfikirəm. Müdafiə Nazirliyindəki bütün göstəbəklər üzə çıxarılmalıdır, divlərin buynuzu qırılmalıdır”.

 

 

Ç.Qənizadə hesab edir ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi 80 milyon manatın mənimsənilməsi ilə ittiham edilirsə, burada heç bir şübhə olmadan demək olar ki, Müdafiə Nazirliyinin daha yüksəkdə dayanan şəxsləri, başda müdafiə naziri olmaqla, hamısı bu dəhşətli korrupsiyadan məlumatlı olublar və ya bu işin iştirakçısı olublar: “Ona görə də həmin şəxslər də bu və ya digər formada məsuliyyət daşıyırlar. Bu baxımdan da hesab edirəm ki, istintaq tam obyektiv aparılmalı, heç kimə güzəşt edilməməlidir. Adını çəkdiyimiz digər nazirliklərdə buraxılmış səhvlər Müdafiə Nazirliyi məsələsində istintaq zamanı buraxılmamalıdır. Kimlərəsə güzəşt edilməsi cəmiyyətdə, ordumuzda narahatlıqlar doğurur”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button