İqtisadiyyat

Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını təxminən 3 dəfə artıb

2022-ci ilin fevral ayında Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 255 min sərnişinə xidmət göstərib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə bildirilib ki, ümumilikdə, ilin əvvəlindən bütün aeroportlar üzrə sərnişin axını 546 min nəfər təşkil edib ki, bunun da 80%-i Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Bakı hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” 167 min və 52 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 38%-ni və 12%-ni təşkil edir.

2022-ci ilin fevral ayında 24 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib. Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirib.

2022-ci ilin mart ayından etibarən Ukraynada baş verən hadisələrlə əlaqədar Ukrayna, Rusiya və Belarusa uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır.

2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək “5 ulduzlu” reytinqə layiq görülmüşdür.

Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button