İqtisadiyyat

Azərbaycanda üç sərhəd-keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir.
AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanlı və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.
Məlumata görə, bundan başqa yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcəkdir. Bununla da avtomobil yolu sərnişinləri və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdırmaqla daha sürətli transfer rolunu oynayacaqdır.
Avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq “Azəryolelmitətdiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış layihəyə əsasən, yolun ümumi uzunluğu 23.5 km, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr, çiyinlərin eni 2×2 metr təşkil edir.
Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və yeni torpaq yatağının inşası işləri həyata keçirilib, yol boyu müxtəlif ölçülü suötürücü boruların və əsasın alt layının tikintisi tamamlanıb. Hazırda yol əsasının üst qatının inşası üçün hazırlıq işləri aparılır.
Həmçinin layihə üzrə nəzərdə tutulan Xan Arxı üzərində körpünün inşası yekunlaşıb. Samur-Abşeron su kanalı üzərində tikilən körpünün isə aşırım tirləri quraşdırılır.
Marşrut boyu Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də yekunlaşmaq üzrədir.
“Xanoba” “Şirvanlı” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasının 2022-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button