İqtisadiyyat

Azərbaycanda muzdlu işçilərin orta aylıq məvacibi 1,8% artıb

Bu il avqustun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 min nəfər və ya 0,5% artaraq 1 689,7 min nəfər olub, onlardan 905,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
“APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, muzdla işləyənlərin 19,2%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
“2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8% artaraq 728,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub”, – məlumatda deyilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button