İqtisadiyyat

Azərbaycanda illik inflyasiya 4,8% təşkil edib

Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-avqust aylarına nisbətən 104,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4%, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,2% təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5%, əvvəlki ilin avqust ayına nisbətən 106,7% təşkil edib.
Məlumata görə, 2021-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8%, əvvəlki ilin avqust ayına nisbətən 107,8% olub.
“Bu ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan yağının, limonun, qarpızın, kələmin, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, kartofun, soğanın, şəkər tozunun, vaflinin, şokolad və təbii şokolad məmulatlarının, çayın, kola içkisinin, limonadın, arağın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, almanın, armudun, şaftalının, gavalının, yemişin, üzümün, bibərin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, – Komitədən bildirilib.
2021-ci ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, əvvəlki ilin avqust ayına nisbətən 105% təşkil edib.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, mebellərin, soyuducuların, paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, diş pastalarının, şampunların, dezodorantların, ucuzlaşma isə əsasən kondisionerlərin və mobil telefonların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2%, əvvəlki ilin avqust ayına nisbətən 106,4% təşkil etmişdir. Cari ilin avqust ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma paltarların təmiri və kimyəvi təmizlənməsi, ayaqqabı, televizor və mənzillərin təmiri, dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına görə, 2021-ci ilin sonuna inflyasiya 4,9% təşkil edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button