İqtisadiyyat

Azərbaycanda geniş pul kütləsinin həcmi tarixi rekorddan sonra azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 31,289 mlrd. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici aylıq müqayisədə 0,7% azdır. Banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) sentyabrın 1-nə 10,989 mlrd. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,5% az olsa da, illik müqayisədə 11,6% çoxdur.
Qeyd edək ki, bundan əvvəl 2021-ci ilin avqustun 1-nə ölkədəki geniş pul kütləsinin həcmi indiyədək qeydə alınan ən yüksək göstəriciyə – 31 507,3 mln. manata çatmışdı.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 8,3% artaraq 2021-ci ilin sonuna 31,608 mlrd. manata çatacaq.
Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır, bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədi güdür.
İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.
Sözügedən inflyasiya dinamikasının fonunda və iqtisadiyyatda güclənən inflyasiya proseslərini nəzərə alaraq AMB uçot dərəcəsini bu yaxınlarda yüksəldib. Bunun əsas məqsədi iqtisadiyyatda dövr edən aktiv pulların miqdarını məhdudlaşdıraraq inflyasiyanın səviyyəsini azaltmaqdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button