İqtisadiyyat

Azərbaycanda geniş pul kütləsi tarixi maksimumdan sonra iyunda azalıb

Bu ilin iyulun 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 30 293,9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15,6% çoxdur.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici aylıq müqayisədə 0,5% azalıb.
Banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) iyulun 1-nə 10 737,5 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,8%, illik müqayisədə isə 16,1% artıb.
Qeyd edək ki, 2021-ci ilin iyunun 1-nə ölkədəki geniş pul kütləsinin həcmi indiyədək qeydə alınan ən yüksək göstəriciyə –  30,457 mlrd. manata çatmışdı.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 8,3% artaraq 2021-ci ilin sonuna 31,608 mlrd. manata çatacaq.
Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır və bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədini təqib edir.
İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button