İqtisadiyyat

Azərbaycanda gələn ildən büdcə qaydasının tətbiqinə başlanılacaq

Azərbaycanda 2022-ci ildən büdcə qaydasının tətbiqinə başlanılması nəzərdə tutulur.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Bildirilib ki, 2022-ci ildən etibarən tətbiqinin bərpası nəzərdə tutulan büdcə qaydasının təkmilləşdirilməsi zamanı əvvəlki qaydanın üç əsas komponentindən yalnız birinin (icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti) saxlanılması məqsədəuyğun hesab edilir.
Büdcə xərclərinin artımına zərurətin yaranması, neft gəlirlərinin azalması və ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə qeyri-neft sektorunun payının artırılması fonunda icmal büdcənin baza xərclərinin yuxarı həddinin tənzimlənməsi və qeyri-neft gəlirləri ilə uzlaşdırılması, həmçinin onlar arasındakı balansın qorunub saxlanılması məqsədilə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti üzrə orta və uzunmüddətli dövr üçün hədəflərin müəyyən edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2020-ci ildə pandemiya ilə əlaqədar vəziyyət əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da büdcə qaydasının tətbiqi ilə bağlı müəyyən problemlər yaradıb. Dövlət büdcəsinin gözlənilən gəlir və xərcləri arasında tarazlığın pozulması təhlükəsinin yaranmasının qarşısının alınması məqsədilə büdcə qaydasının 2022-ci ilədək tətbiqi dayandırılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button