Cəmiyyət

Azərbaycanda dövlət qeydiyyatına alınan qida məhsullarının yeni siyahısı müəyyənləşir

Azərbaycanda dövlət qeydiyyatına alınan qida məhsullarının siyahısı müəyyənləşir.
“Report”un əldə etdiyi məlumata görə, bu, yeni hazırlanan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin variantında əksini tapıb.
Layihədə qeyd olunub ki, aşağıdakı məhsullar Azərbaycan ərazisində dövriyyəyə buraxılmazdan əvvəl onların təhlükəsizliyini, minimum keyfiyyətini, xüsusi etiketlənmə və digər tələblərə uyğunluğunu müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədqiqi (sınağı) aparılacaq və dövlət qeydiyyatına alınacaq:
– xüsusi təyinatlı qida məhsulları;
– yeni növ qida məhsulları;
– genetik modifikasiya olunmuş yem məhsulları;
– qida və yem əlavələri;
– bioloji aktiv qida maddələri;
– təbii mineral sular;
– qida məhsulları ilə təmasda olan material və məmulatlar;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər məhsullar.
Dövlət qeydiyyatına alınan məhsullar reyestrə daxil ediləcək və qida biznesi subyektlərinə reyestrdən çıxarış veriləcək. Dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların dövriyyəsi qadağan ediləcək.
Məhsulların dövlət qeydiyyatının aparılmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq. Məhsulların qeydiyyatının aparılması məqsədilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqinin aparılması üçün qida biznesi subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button