İqtisadiyyat

Azərbaycanda 2025-ci ilə qədər qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir

Qeyri-neft məhsullarının ixracının artırılması və investisiyaların təşviqinin sürətləndirilməsi siyasəti ortamüddətli dövrdə də davam etdiriləcək.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Qeyd edilib ki, qeyri-neft məhsullarının ixracının artırılması və investisiyaların təşviqinin sürətləndirilməsi siyasəti ortamüddətli dövrdə də davam etdiriləcək. Bütün bunların fonunda xarici ticarətdə ixracın strukturunun diversifikasiyasına nail olmaq, qeyri-neft məhsullarının ixracını dəstəkləyərək və təşviq edərək ixracın əsas tərkib hissəsinə çevirmək hədəflənir. 2022-ci il və ortamüddətli dövrdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində rəqabətqabiliyyətli ixracın artırılması, əlverişli biznes mühitinin inkişaf etdirilməsi və əlavə dəyərli məhsulların yaradılması ilə 2025-ci ilə qədər qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir.
Həmçinin növbəti illərdə kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının daha da yüksəldilməsi məqsədilə bu yerlərin kompleks inkişafı üzrə pilot layihələrin hazırlanması və icrası, kənd yerlərində əlavə gəlir əldə etmək imkanı yaradan turizmin, ekoturizmin, xidmət sahələrinin inkişafı sahəsində zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir. Bu sahənin maliyyələşdirilməsində səmərəliliyi və hesabatlılığı təmin etmək məqsədilə “Kənd təsərrüfatı” sektorunun ortamüddətli dövr üzrə strateji planı və fəaliyyət planında aqrar sektorun inkişafına xidmət edən hədəflər və monitorinq göstəriciləri müəyyən edilib. Qeyd olunanlarla bərabər, ortamüddətli dövrdə daxili maliyyə bazarının inkişafının prioritet istiqamətləri üzrə də işlər davam etdiriləcəkdir. Belə ki, iqtisadi artımın dəstəklənməsində maliyyə sektorunun rolunun artırılması istiqamətində iqtisadi artımın effektiv maliyyələşməsini təmin edən, bütün iqtisadi subyektləri geniş çeşidli maliyyə məhsulları ilə əhatə edən səmərəli maliyyə sisteminin formalaşdırılması da əsas hədəflərdəndir. Bu əsasda, real sektorun, xüsusən də orta və kiçik sahibkarlıq subyektlərinin ucuz və uzunmüddətli maliyyə resurslarına çıxış imkanlarını artırmaq məqsədilə dövlət və özəl sektorun birgə təşəbbüsləri əsasında kredit risklərinin azaldılması və faizlərin əlçatanlığını təmin etməklə kənd təsərrüfatına kreditlərin artırılması hədəflənir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button