İqtisadiyyat

Azərbaycanda 17 hotelə ilk ulduz dərəcələri təqdim olunub

Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimi keçirilib.
APA-nın məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sahəsində lisenziyaların ləğv olunmasından sonra bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlərin üst-üstə düşmədiyini, bəzi hallarda isə ulduzlaşmanın ümumiyyətlə aparılmadığını qeyd edib.
Hotelçiliyin turizmin sütun sahələrindən biri olduğunu vurğulayan Fuad Nağıyev bildirib ki, ulduzlaşma məqsədilə beynəlxalq standartlar və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq milli ulduz sistemi yaradılıb.
Fuad Nağıyev iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellərə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən konsultativ dəstəyin göstəriləcəyini bildirib.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, Milli Ulduz Təsnifatı əsasında ulduz dərəcələrinin verilməsinin hotellər arasında sağlam rəqabətə səbəb olacağını və onlara özlərini daha düzgün təqdim etmək şansı verəcəyini söyləyib.
Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib ki, sabahdan artıq hotellərin qarşısında yeni ulduz nişanları görünəcək. O qeyd edib ki, ümumilikdə 43 hotel auditdən keçib, amma sadəcə 17-nə milli ulduz sertifikatı veriləcək. Çünki bəzi hotellərdə çatışmazlıqlar var. Amma yaxın zamanlarda həmin hotellər də çatışmazlıqları tamamladıqdan sonra sertifikat veriləcək. Bu sertifikatlar məcburi xarakter daşımır.
Daha sonra yoxlama prosesindən uğurla keçmiş 17 hotelə keyfiyyət sertifikatları təqdim olunub.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.
Sənədə əsasən Milli Hotel Ulduz Təsnifat Sisteminin icrası Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçirilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button