İqtisadiyyat

Azərbaycanda əhalinin vergi yükünün azaldılması təklif olunur

Azərbaycanda müəssisənin və fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə əlaqədar işdən çıxarılmaya görə, habelə işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatların gəlir vergisindən azad edilə bilər.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb ki, bu da əhalinin vergi yükünün azaldılmasına yönəlib.

Mövcud qanunvericilikdə müəssisənin və fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə əlaqədar işçiyə ödənilən təminat ümumi qaydada gəlir vergisinə cəlb edilir. Təklif olunan dəyişikliyə əsasən ödənilən təminatların fiziki şəxslərin gəlir vergisindən azad olunması nəticəsində həmin məbləğlər vətəndaşlar tərəfindən vergi tutulmadan əldə ediləcək.

Gəlir vergisi ilə əlaqədar Vergi Məcəlləsinə təklif edilmiş digər dəyişiklik isə fiziki şəxsin vergi güzəştinin həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanması ilə bağlıdır. Belə ki, bir sıra hallarda fiziki şəxsin güzəşt hüququnu müəyyən edən statusu olmasına baxmayaraq (məsələn, əlilliyi və ya həlak olmuş döyüşçünün övladı olması və s.), əmək müqaviləsi bağladığı anda bu barədə bəzən məlumatsız olması və digər səbəblərdən müvafiq təsdiqedici sənədləri işəgötürənə müəyyən müddətdən sonra təqdim edir. Nəticədə işçinin güzəşt hüququ olsa da həmin hüququndan vaxtında istifadə edə bilmir və əvvəlki dövrlər üzrə də ona ödənilmiş gəlirlər üzrə güzəştlər tətbiq olunmur. Bununla da faktiki olaraq güzəşt hüququ olan şəxsin hüquqları pozulmuş olur.

Təklif edilən dəyişiklik isə müvafiq güzəşt hüququ olan şəxsin bu hüququndan sənədlərin işəgötürənə təqdim edilmə tarixindən asılı olmayaraq əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanmasını nəzərdə tutur.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi Milli Məclisə təqdim olunub və onların üzərində müzakirələr davam etdirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button