Siyasət

Azərbaycan XİN: Aİ və NATO ilə yüksək səviyyəli siyasi dialoq davam etdirilib

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında mövcud olan dialoq 2021-ci ildə intensivliyi ilə səciyyələnib.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Bildirilib ki, Aİ Şurasının Prezidenti Şarl Mişel və Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin ölkəmizə səfərləri baş tutub: “Bu təmaslar zamanı, o cümlədən 15 dekabr tarixində Brüssel şəhərində Aİ-nin Şərq Tərəfdaşlığının VI Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aİ ilə münasibətlərin inkişafında ölkəmizin mövqeyi və gözləntilərini qarşı tərəfə çatdırıb. Son 4 ildə fiziki əsasda ilk dəfə keçirilmiş Şərq Tərəfdaşlığı Zirvə Toplantısının yekununda qəbul edilmiş Birgə Bəyannamədə Aİ tərəfindən bütün tərəfdaş ölkələrin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək bir daha ifadə olunub”.

Qeyd olunub ki, il ərzində NATO ilə yüksək səviyyəli siyasi dialoq davam etdirilib: “Belə ki, 15 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Brüsseldə keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə Görüşü çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqin dəvəti əsasında NATO-nun mənzil-qərargahına səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin NATO-nun Baş katibi ilə görüşü baş tutub və birgə mətbuat konfransı keçirilib. Həmçinin Azərbaycan Respublikası Prezidenti Şimali Atlantika Şurasının Azərbaycan Respublikası ilə birlikdə “30+1” formatında keçirilmiş iclasında iştirak edib. İl ərzində NATO rəsmiləri ilə digər səviyyələrdə də təmaslar davam edib. NATO rəsmiləri və müttəfiq dövlətlər Türkiyənin Komandanlığı altında Həmid Kərzai adına Kabil Beynəlxalq Hava Limanında (HKİA) qüvvə mühafizəsinə və müxtəlif qərargah vəzifələrinə cəlb olunmuş hərbi kontingentimizin “Qətiyyətli dəstək” missiyasının son günlərində HKİA-nın təhlükəsizliyin təmin olunması və təhlükəsiz təxliyə prosesinə şərait yaradılması ilə bağlı müstəsna xidmətlərini yüksək qiymətləndiriblər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button