Siyasət

Azərbaycan və Pakistan XİN başçıları görüşüb

Dekabrın 18-də Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazir Məhdum Şah Mahmud Qureşi Azərbaycan nümayəndə heyətini salamlayıb.

Pakistan-Azərbaycan əlaqələrini iki dost və qardaş ölkə arasında münasibətlər kimi xarakterizə edən Pakistan naziri, siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Həmçinin ikitərəfli ticarət, sərmayə, enerji sahələrində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.

Nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişə ilə bağlı, eləcə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Pakistanın verdiyi birmənalı siyasi-mənəvi dəstəyi vurğulayıb və bunun Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd edib. Nazir ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafı ilə yanaşı, üçtərəfli formatda davam edən əməkdaşlığa istinad edib, o cümlədən cari il ərzində Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşünü, həmçinin üç ölkənin Parlamentlərinin spikerlərinin görüşünü qeyd edib.

Bu il ərzində iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi, habelə iki dövlətin prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində görüşünün keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərindən danışan nazir Ceyhun Bayramov, bu ərazilərin minadan təmizlənməsi prosesində Pakistanın təcrübəsindən istifadə edildiyini və bu xüsusda dost ölkənin Azərbaycana dəstəyini minnətdarlıqla ifadə edib.

Nazirlər, həmçinin Əfqanıstandakı humanitar vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button