Gündəm

Azərbaycan Tovuzun atəşə tutulduğunu deyir 

Vəkillər Valeh Mehrəliyev, Adəm Məmmədov, Cəlil Mirzəyev və Cavad Cavadov mətbuat vasitəsilə Azərbaycan Baş prokuroruna müraciət edərək keçmiş Baş prokuror, hazırda həbsdə olan Eldar Həsənovun səhhəti ilə bağlı narahatlıqlarını bildiriblər.

“Məhkəməyə müraciət etməyi lazımsız bilirik. Ona görə ki, bizim dəfələrlə məhkəmələrdə vəsatətimizə rədd cavabı olub. Bu il iyulun 30 -da ölkə prezidentinə də bu barədə müraciət etmişdik. Baş prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbsiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıq”, – vəkillərdən C.Cavadov söyləyib.

Eldar Həsənov yıxılıb

Vəkillərin müraciətinə görə, dünən, avqust 8-də E.Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicəllənmə nəticəsində huşunu itirib və yerə yıxılıb. Qeyd edildiyinə görə, bunun nəticəsində o, xoşbəxtlikdən başından hər hansı zədə almayıb. “Tibbi yardım göstərilsə də, başgicəllənmələr 15-20 dəqiqə dayanmayıb və həkimlər bunun həyəcan verici siqnal olduğunu bildiriblər”, – müraciətdə yazılıb.

Vurğulandığına görə, həmin gün saat 11:30 radələrində vəkillə və müstəntiqlə görüşə E.Həsənov artıq əngəlli insanlar üçün nəzərdə tutulan arabada gətirilib.

Hələlik, qeyd edilənlərə Baş Prokurorluq və hərbi hospitaldan münasibət almaq mümkün olmayıb.

Həbsdə olan keçmiş Baş prokuror E.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalında bu il iyulun 12 -də əməliyyat olunmuşdu. Bu barədə onun yaxınları da məlumat vermişdilər: “O, bağırsaq keçməməzliyindən əziyyət çəkməsinə görə cərrahiyyə əməliyyatı olunub”.

E.Həsənovun iyulun 2-də stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatı olunmasından ötrü DTX-nın Hərbi Hospitalına köçürüldüyü bildirilmişdi. Yaxınlarının deməsinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu il mayın 7-də verdiyi (Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq) qərarına əsasən, E.Həsənov stasionar qaydada müalicə olunmalıydı. Amma onların vurğulamasına görə, həmin qərarın icrası gecikdirilib. Vəkilin müraciəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 23-də əvvəlki qərarını təkrarlayıb. Nəhayət, iyulun 2-də E.Həsənov xəstəxanaya köçürülüb. Yaxınlarının qeyd etməsinə görə, nəticədə onun səhhəti bu müddətdə daha da ağırlaşıb, onu daha bir neçə ağır əməliyyatdan keçəcəyi güman edilirdi.

Bu işdə istintaqı prokurorluq aparır, amma E.Həsənovun öz istəyi ilə DTX-nin İstintaq təcridxanasında qaldığı açıqlanmışdı.

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan E.Həsənov ötən il avqustun 13-də saxlanıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyi əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. E.Həsənov ittihamları qəbul etmir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button