İdman

Azərbaycan millisinin futzalçısı: “Gürcüstanla matçda yaxşı oynadıq”

“Çətin olacağını bilirdik”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya Gürcüstana 2:3 hesabı ilə uduzduqları Avropa çempionatının qrup mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Oyunçu bu matçı özləri üçün finala bərabər hesab etdiklərini bildirib: “Müsbət nəticə vacib idi. Heyətimizdəki itkilərə rəğmən, pis başlamadıq, lazım olan qolları vurduq. Məncə, yaxşı oynadıq. Oyunun davamında çox müdafiə olunduq. Belədə topsuz qaldıq, hərəkət etdik və yorğunluq başladı”.

Bolinya rəqibin qol epizodları zamanı bəxtinin gətirdiyini söyləyib: “Hesab 2:1 olan zaman biz yenidən üstünlüyümüzü 2 topa çatdıra bilərdik. Bunu bacarsaydıq, bəlkə də bu gün fərqli hesab haqqında danışırdıq. Hakimlər də 2-3 həlledici məqamda səhv qərar verdilər. Felipinyo qapıçı ilə təkbətək qalmağa yaxın idi, amma referi ona qarşı olan cəriməni vermədi”.

Braziliyalı legionerin fikrincə, İspaniya ilə növbəti qarşılaşma daha çətin olacaq: “Onlar qrupun yox, yarışın favoriti sayılırlar. Amma şansın varsa, sona qədər mübarizə aparmalı, hər məqamdan istifadə etməlisən. Biz də bunu edəcəyik. Azərbaycanın uğur qazanması üçün bacardığımızı meydanda qoyacağıq. Sona qədər inamlı olmalıyıq. Növbəti oyunda Bosniya və Herseqovina Gürcüstanı məğlub etsə, şansımız yenə davam edəcək”.

Qeyd edək ki, milli növbəti oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq və İctimai televiziya vasitəsilə canlı yayımlanacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button