İdman

“Azərbaycan millisindən nəsə gözləmək düzgün deyil”

“Azərbaycan millisinin Avropa çempionatındakı çıxışlarını izləyirəm. Görünür ki, komanda daha yaxşı oyun göstərə bilər”.
Apasport.az saytının məlumatına görə, bunu Serbiya Voleybol Federasiyasının prezidenti Zoran Qayiç deyib.
Vaxtilə “Rabitə” və “Telekom”u çalışdıran mütəxəssis Azərbaycan millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib. O, ardıcıl 4 oyunda set qazanmadan uduzan yığmamızdan nəsə gözləməyin düzgün olmadığını deyib: “Oyunçular kifayət qədər gəncdir və onlardan nəsə gözləmək də düzgün deyil. Heyətdə Natalya Məmmədova, Polina Rəhimova, Yelizaveta Krneta, Odina Əliyeva kimi bəzi aparıcı oyunçular da yoxdur. Bir sual yaranır, Avropa çempionatı bitdikdən sonra bu qızlar harada oynayacaqlar? Bəli, kimisə xaricdə çıxış edəcək, amma bildiyim qədər hazırda Azərbaycanda ölkə çempionatı yoxdur. Gənc oyunçuların inkişafı üçün isə mütləq ölkə çempionatı təşkil olunmalıdır. Böyük idman ənənələri olan bir ölkədə hazırda Azərbaycan çempionatı niyə keçirilmir? Bütün bunlar oyunçuların inkişafına mənfi təsir edir”.
O vurğulayıb ki, Azərbaycan millisini inkişaf etdirmək üçün mütləq ölkə çempionatını bərpa etmək və güclü liqa yaratmaq lazımdır: “Ən azı 6 komanda olmalıdır. Bir neçə təcrübəli əcnəbi oyunçu da cəlb etmək lazımdır ki, azərbaycanlı voleybolçular mövsümboyu onlarla birgə çıxış etsinlər və oyun praktikası qazansınlar.Azərbaycanın voleybol ənənələri var. Mən bir neçə il “Rabitə” klubunda çalışmışam və bu çempionatı görmüşəm. Azərbaycan birinciliyi Avropanın ən güclü çempionatlarından sayılırdı. Əlbəttə, həmin vəziyyəti qoruyub saxlamaq üçün böyük maliyyə lazımdır. O zaman “Azərreyl”, “Azəryol”, “Lokomotiv”, “Rabitə” Avropanın ən güclü klubları sırasında yer alırdılar. Xatırlayıram, həmin illərdə yaxşı təşkilatçılıq vardı. Azərbaycan milli komandası da bu illərdə beynəlxalq yarışlarda daha yaxşı çıxış edirdi. Deməli, yenidən 6 klub yaradılmalı, yerli oyunçular bu komandalarda yerləşdirilməlidir. Bu komandaları daha da gücləndirmək lazımdır ki, oyunçular da inkişaf etsinlər. Bunu təkcə federasiya edə bilməz. Bu işdə dövlət federasiyaya dəstək verməlidir. Məsələn, Serbiyada qayda belədir ki, federasiya dövlət büdcəsindən maliyyələşir və ümumi nəzarət var. Ayrı-ayrı klubları isə təmsil etdikləri şəhərlər və sponsorlar maliyyələşdirir. Federasiya isə lazım olanda həmin komandalara dəstək verir. İlk növbədə klub səviyyəsində yaxşı təşkilatçılıq olmalıdır. Azərbaycan çempionatı keçirilməlidir. Bunsuz milli komandanı formalaşdırmaq çox çətindir”.
O bildirib ki, yenidən Azərbaycandan təklif alsa, məmnuniyyətlə gələr: “Bir az əvvəl dediyim kimi, bir neçə il Azərbaycanda “Rabitə” klubunda çalışmışam. Hazırda Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov o zaman bu klubun prezidenti idi. Onun rəhbərliyi altında komandamız çox böyük işlər həyata keçirib. “Rabitə” dünya çempionu olub, bir neçə dəfə ölkə birinciliyinin qalibi adını qazanıb. Sizi inandırım ki, mənə yenə də Cəlil Cəfərovla birgə işləmək və Azərbaycanda bir komandanı idarə etmək təklif olunarsa, düşünmədən bunu qəbul edərəm. Çünki Azərbaycan voleyboluna, oradakı təşkilatçılığa bələdəm. Azərbaycan mənə çox doğma ölkədir. Bir neçə ildir ki, Serbiya Voleybol Federasiyasının prezidentiyəm. Azərbaycan və Serbiya arasında hər zaman gözəl münasibət olub və inanıram ki, bu münasibət hələ çox davam edəcək. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə, AVF-nin baş katibi Cəlil Cəfərovla çox yaxşı münasibətlərimiz var. Onlar voleybolu çox sevən idman adamlardır və hər zaman ölkədə voleybolun inkişafı üçün çalışıblar. İnanıram ki, Azərbaycanın güclü ölkə çempionatı və Avropa, dünya səviyyəsində güclü voleybolçuları olacaq”.
Qayiç Avropa çempionatı ilə bağlı proqnozlarını da açıqlayıb: “Favoritlər sırasında Serbiya, Rusiya, İtaliya, Türkiyə və Niderland millilərini qeyd edə bilərəm. Polşa millisi də inamlı təsir bağışlayır. Bolqarıstan və Belçikanı da bu sıraya daxil etmək olar. Bir neçə komanda var ki, medallar uğrunda mübarizə apara bilər”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button