Azərbaycan millisi yenə böyük hesabla uduzub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Elxan Abdullayevin yetirmələri AVRO-2022-nin seçmə mərhələsində ikinci sınağına çıxıb.
Yığmamız yalnız birinci hissənin yarısınadək rəqiblərin hücumları qarşısında tab gətirib. Bundan sonra hesabı açan pireneylilərin fasiləyədək fərqi iki topa çatdırıblar. İkinci hissədə daha 4 qol vuran İspaniya 6:0 hesabı ilə qalib gəlib. Millimiz ardıcıl ikinci böyükhesablı məğlubiyyətlə barışmalı olub.
Bununla da yığmalarımızın uğursuz noyabr günləri davam edib. Dörd gün ərzində bütün millilərimiz ən azı 3 qol buraxmaqla uduzub. Ayın 10-da U-19 Belçikaya 1:5, ertəsi gün əsas yığma Lüksemburqa 1:3, dünən U-21 Avstriyaya 0:3 hesabı ilə uduzmuşdu ki, ənənə yenə U-19-la davam etdi.
Qeyd edək ki, komandamız noyabrın 16-da keçiriləcək son turda Lüksemburqla qarşılaşacaq.
AVRO-2022-nin seçmə mərhələsi
VIII qrup, II tur
13 noyabr
21:00. İspaniya – Azərbaycan – 6:0
Qollar: Pablo Torre, 23, 69, Niko Serrano, 35, Arnau Martines, 71, Migel Rodriges, 76, Alberto Moleyro, 90+3