Mədəniyyət

Azərbaycan Milli Kulinariya Mərkəzi növbəti uğura imza atıb

Dekabrın 8-də Azərbaycanı Dünya Halal Zirvəsində təmsil etmiş Azərbaycan – Yaban milli komandasının qələbəsi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bu yaxınlarda Türkiyədə keçirilən mətbəx yarışması ilə bağlı məlumat verib.

Bildirib ki, Lənkəran şəhəri UNESCO tərəfindən dünya qastronomiya şəhəri elan edildikdən sonra milli komanda Dünya Halal Zirvəsindəki çıxışını iki qələbəyə – Vətən müharibəsində qazanılan qələbəyə və Lənkəranın dünya qastronomiya şəhəri elan edilməsinə həsr edib.

Komandanın əsas devizi Dədə Qorqudun “İgid qılıncından və süfrəsindən tanınar” deyimi olub.

“Dünya bizi noyabrın 8-də Şuşada qılıncımızdan və bir il sonra həmin tarixdə Lənkəranda keçirilən yarışmada süfrəmizdən tanıdı. Bu dəfə milli komandanı yarışmaya AMKA-nın prezidenti olaraq özüm hazırladım. Komandanın qənnadçısı Səltənət Həsənova unudulmaqda olan “cənnət” halvasının sirlərini Araz Yaqubovdan öyrənmək üçün Lənkərana ezam edildi. Qədim mənbələrdə əksini tapan “cənnət çamuru”, “cənnət məcunu” kimi halva düsturları da araşdırıldı, “cənnət halvasına” saray mətbəxinə aid yeni əlavələr işləndi və yeni bir restoran şirniyyatı ortaya qoyuldu”.

Bildirib ki, bu şirniyyatın sirri yalnız Araz Yaqubovla bölüşdürülür və şirniyyatı Lənkəranda hazırlamaq hüququ yalnız ona verilir.

Türkiyədə keçirilən Dünya Halal Zirvəsində ilk dəfə mövzu ilə bağlı ölkəmizdə neoklassik çeşni (menyu) hazırlandığını deyən Tahir Əmiraslanov bildirib ki, yarışda təqdim edilən açar yeməyi tərəvəz və göyərtilərdən hazırlanmışdı. Açar yeməyində üç texnologiyadan istifadə edilmişdi – göyərti və ağartıyla hazırlanan tərə xörəyi, ispan analoqu sayılan badımcan bükməsi və göyərti, yumurta ilə hazırlanan kükü. Açar rolunu oynayan bu yeməkdə yeni ədviyyatlar işlənilib.

Yarışa çıxarılan ana yeməyin neoklassik ənənələrini özündə birləşdirdiyini deyən Tahir Əmiraslanov bildirib ki, dünyada ilk dəfə olaraq kərə yağı quşun döş ətinə hüceyrəarası fazaya yerləşdirildikdən sonra bişirilib və bu yeni texnoloji fənd Azərbaycandan “Yaban” restoranından başlanıb. Bu həm də toyuq döşünü daha zərif və lətif edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button