Siyasət

Azərbaycan Ermənistana delimitasiya komissiyası ilə bağlı xüsusi təklif verib

“Azərbaycan sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibi ilə bağlı Ermənistana təkliflər verib”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

“Nəzərə alaq ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesi bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Ona görə təklif etdik ki, komissiya fərqli formatda təşkil edilsin”, – deyə Ceyhun Bayramov əlavə edib.

Nazirin sözlərinə görə, Azərbaycanın təklifi bundan ibarətdir ki, komissiyaya rəhbərliyi baş nazir etsin: “Ermənistanın xarici işlər naziri bunu anlayışla qarşıladı. Amma bildirdi ki, Ermənistana bunu müzakirə etmək üçün vaxt lazımdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Birgə Sərhəd Komissiyasının yaradılmasına dair razılığa gəliblər.

“Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri ondan ibarət idi ki, sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı komissiya yaradılsın.

Komissiyanın aprel ayının sonuna qədər ilk iclasının keçirilməsi planlaşdırılırdı. Bundan sonra hələ görüş keçirilməmişdən öncə mənim Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Telefon danışıqları zamanı biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik”, – nazir deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button