Siyasət

Qulamhüseyn Əlibəyli: Azərbaycanla güc diliylə danışmaq istəyənlər qarşılarında həm də Türkiyəni görəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılması beynəlxalq əhəmiyyəli hadisə kimi qiymətləndirilməlidir. Bu fikirləri İstiqlal.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli qardaş ölkənin dövlət başçıcının Azərbaycana növbəti səfərinə və Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılmasına münasibət bidirərkən söyləyib.

Partiya sədri qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən ilk böyük layihə olmaqla Qarabağdan türk aləminə və ümumiyyətlə bütün dünyaya açılan pəncərə sayıla bilər. Bu hava limanına ilk beynəlxalq səviyyəli uçuşun məhz Ərdoğan tərəfindən edilməsi həm də rəmzi məna daşıyır, Azərbaycanın qardaş Türkiyə üçün nə demək olduğunu növbəti dəfə bütün dünyaya göstərir.

Partiya sədri hesab edir ki, Ərdoğanın Azərbaycana bu növbəti səfəri və Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılması Türkiyə ilə Azərbaycanın həqiqətən də bir millət iki dövlət olmasını bir daha təsbit etməklə yanaşı hər iki dövlətin əbədi birliyini və qardaşlığını ifadə edir. Vətən müharibəsindəki qələbəmizdə əhəmiyyətli rol oynayan bu birlik və qardaşlıq daha da möhkəmlənərək təkcə regional səviyyədə deyil, ümumdünya səviyyəsində təsirli amilə çevrildiyinin göstəricisidir. Bu da öz növbəsində hər iki ölkənin beynəlxalq miqyasda mövqelərinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açır.

Bu səfər həm də Azərbaycanı açıq-aşkar təhdid edən, kobud güc nümayiş etdirmək istəyən qüvvələrə qarşı aşıq bir mesajdır: Azərbaycanla güc diliylə danışmaq istəyənlər qarşılarında həm də Türkiyəni görəcəklər – deyə Q.Əlibəyli öz fikrini yekunlaşdırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button