Siyasət

Avropa İttifaqının xarici siyasət rəhbəri Brüsseldəki Əliyev-Paşinyan danışıqlarını “heyrətamiz” adlandırdı

Ukrayna ilə Belarusdakı və onların ətrafındakı böhran beynəlxalq gündəmdə yüksək yer tutmaqdadır. Onların hər ikisi hibrid təhdidlərin və güc siyasətinin bizim qonşularımızı, həm də təkcə onları deyil, – destablizə etməsinə dair yeni paradiqmanın əyani nümunələridir. Biz bundan sonra da öz cavablarımızda qətiyyət və birlik nümayiş etdirməli, öz təhlükəsizlik siyasətimizi və müdafiəmizi möhkəmləndirməliyik. Çünki ortada Avropa düzəninin və təhlükəsizliyinin əsasını təşkil edən prinsiplərin özü dayanıb.

virtualaz.org bildirir ki, bu cümlələr Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrelin məqaləsindən götürülüb. Məqalə Avropa İttifaqının diplomatik xidmətinin (EEAS) rəsmi saytında dərc edilib.

 

Borrel yazır ki, Kiyevə qarşı dağıdıcı fəaliyyətlər və eskalasiyanın artması ilə birgə Rusiya qoşunlarının Ukrayna sərhədlərinə cəmləşdirilməsi son həftələr beynəlxalq xəbərlərin və diplomatiyanın əsas mövzusu olub. Bu məsələ “Böyük yeddilər”in sammitində, NATO və ATƏT-də, habelə ikitərəfli danışıqlarda müzakirə edilib. “Olduqca məntiqlidir ki, bu mövzu həm də Avropa İttifaqının xarici siyasətinin əsas gündəmini təşkil edir: ilk dəfə ötən həftə  bazar ertəsi xarici işlər nazirləri səviyyəsində, daha sonra çərşənbə axşamı Avropa Parlamentindəki debatlarda, bundan sonra Şərq Tərəfdaşlığı sammitində, nəhayət Avropa İttifaqı Şurasında diqqət mərkəzində  olub”, – müəllif xatırladır.

Jozep Borrel Rusiyanı Avropadakı qaz böhranında da günahlandırır, bildirir ki, Kreml enerji ehtiyatlarından siyasi təsir aləti kimi istifadə edir. Avropaya qaz ixracını artırmaqdan imtina edərək şantaja keçir. Məqsəd isə “Şimal axını-2” qaz kəmərinin tezliklə sertifikatlaşdırılmasına nail olmaqdır.

 

Məqalədə deyilir ki, Avropa İttifaqı Şurasında Ukrayna məsələsi ilə bağlı  aparılan müzakirələrin nəticəsi olaraq “birlik və qətiyyət nümayiş etdirmək, Rusiyanın bütün mümkün sonrakı addımlarının qarşısını almaq” məsələsində razılıq əldə edilib. “Biz 1990-cu il Paris xartiyası və ATƏT-in Helsinki Yekun Aktının əsaslandığı prinsipləri müdafiə etməliyik. Bura dövlətlərin suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, ölkələrin öz xarici siyasətlərini və təhlükəsizlik tədbirlərini müstəqil şəkildə müəyyən etmək hüququnu dəstəkləməliyik. Avropa İttifaqı Şurası Rusiya rəhbərliyinə ciddi siqnal göndərməyə razılaşıb ki, Ukraynaya qarşı istənilən fəaliyyət və bu prinsiplərin hərbi, yaxud hibrid vasitələr pozulması ciddi nəticələrə səbəb olacaq”, – Borrel bildirir.

Avropa İttifaqının xarici siyasət rəhbəri Brüsseldə dekabrın 15-də keçirilən Şərq Tərəfdaşlığı sammiti haqda da yazır . Qeyd edir ki, diplomatik formallıqdan uzaq olan açıq diskussiya Aİ-nin şərq tərəfdaşlarının bu ittifaqla daha sıx əməkdaşlığa və inteqrasiyaya can atdığını təsdiqlədi. İttifaq isə buna müəyyən şəkildə cavab verməyə hazır olduğunu ifadə etdi və bununla da özünün regiondakı mühüm geosiyasi oyunçu kimi mühüm rolunu bir daha təsdiqləmiş oldu.

 

“Bu da heyrətamizdir ki, ilk dəfə Ermənistanın baş naziri və Azərbaycan prezidenti açıq qarşıdurmanın əvəzində Şərq Tərəfdaşlığı sammitində konstruktiv şərhlərlə çıxış etdilər. Bu isə sammit ərəfəsində hər iki liderlə gərgin və məhsuldar görüşlər keçirən prezident Şarl Mişelin rəhbərliyi altında həyata keçirilən vasitəçilik səyləri sayəsində mümkün oldu. Mən bu görüşün nəticələrini və tərəflərin konkret layihələrdə iştirak etməyə, barışığa aparan yolu açan ideyaları dəstəkləməyə hazır olmasını alqışlayıram. Görüş regionda münaqişənin aradan qaldırılması, etimad mühitinin yaradılması və regionda möhkəm sülhün qurulmasında Aİ-nin Ermənistan və Azərbaycanla sıx əməkdaşlığa sadiq olduğunu təsdiqlədi”, – Jozep Borrel yazır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button