İdman

“Aut qeydə alınsaydı, indi başqa şeydən danışardıq”

“Qələbə qazanmaq üçün son dəqiqələrdə bir balaca təcrübə çatmadı”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçirilən oyundan sonra deyib.
Komandamız A qrupunun V turu çərçivəsində Dublində baş tutan matçda qələbəni son anda əldən verərək, heç-heçə ilə barışıb – 1:1.
Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “İlk 10 dəqiqədən sonra oyunumuzda inkişaf göründü. Rəqibi çətin vəziyyətlərə saldıq. Onlar ikinci hissədə əvəzləmələrə əl atmalı oldu. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Maksimi də meydandan çıxarmalı olduq. Buraxılan qol epizodunda isə topun aut xəttini keçdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, bəlkə də, indi qələbəni qeyd edirdik. Ancaq ümumilikdə çox ağır oyunda 1 xal götürdüyümüz üçün razıyam. Futbolçularımız yaxşı oyun göstərdi”.
De Byazi ikinci hissədə müdafiə futbolu oynamalarını belə əsaslandırıb: “Komandama heç vaxt müdafiə olunmaq tapşırığı vermirəm. Tapşırığım o olur ki, irəlidə pressinq edək. Bunu ilk hissədə edə bildik. İrlandlar ikinci hissədə hücumameyilli oyunçuları meydana buraxdı və çox futbolçu ilə irəli çıxdılar. Fikirləşirəm ki, bu situasiyalarda oyunu daha yaxşı idarə etməliyik. Topu bir az buraxmaq lazımdır ki, rəqibi yoraq. Bu baxımdan inkişaf etməliyik”.
İtaliyalı çalışdırıcı milli üzvlərini növbəti dəfə legioner həyatı yaşamağa çağırıb: “İrlandiyanın heyətini təhlil etmişdik, bizi heç nə təəccübləndirmədi. Taktiki baxımdan yaxşı oyun göstərdik. Amma özümüzə inam baxımından inkişaf etməliyik. İrlandiya reytinqdə bizdən çox öndə olsa da, bu, meydanda görünmürdü. Heyətimizdə gənc oyunçular var. Toral Bayramovu, Rüstəm Əhmədzadəni qeyd edə bilərəm. Ümumilikdə çempionatımızın bütün oyunlarını izləyirəm. Ancaq yaxşı olardı ki, xaricə daha çox oyunçumuz getsin”.
Baş məşqçi Rüstəm Əhmədzadənin son dəqiqələrdə zədələndiyini də əlavə edib: “Matçın son 10-20 dəqiqəsini, demək olar ki, azlıqda keçirdik. Çünki Rüstəm Əhmədzadənin ayağında problem yarandı, oynaya bilmirdi. O, zədə almasaydı, rəqib qapısı qarşısında daha çox təhlükə yaradardıq. Rüstəm çox təhlükəli, sürətli hücumçudur”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button