Siyasət

ATƏT Qarabağ münaqişəsinin həllində uğursuzluğa düçar olub – Sergey Markov

ATƏT bir tərəfdən Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin həllində uğursuzluğa düçar olub, digər tərəfdən isə resursları tam tükənməyib.

Bunu Trend-ə Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

O vurğulayıb ki, ATƏT fərqli rollarda çıxış edir: bir tərəfdən bu, çoxsaylı strukturları olan ATƏT institutlarıdır, digər tərəfdən, Ermənistanla Azərbaycan arasında münaqişənin moderatoru olmaq niyyətini bildirən ölkələr qrupundan ibarət ATƏT Minsk qrupudur, üçüncüsü isə Rusiya, ABŞ və Fransanın simasında ATƏT Minsk qrupunun üç həmsədridir.

“Tamamilə aydındır ki, ATƏT Minsk qrupunun həmsədrləri qarşıya qoyulan tapşırıq, yəni Qarabağ münaqişəsinin həllinə köməkdə uğursuzluğa düçar oldu. Onlar münaqişənin həllinə heç cür yardım göstərmirdi və demək olar ki, iyirmi beş il ərzində Ermənistanın münaqişənin dondurulması, status-kvonun saxlanması siyasətini ört-basdır edirdi. ATƏT Minsk qrupunun həmsədrləri bu vəziyyəti dəyişmək üçün heç bir şey etməyib”, – S.Markov deyib.

Politoloq bildirib ki, həmsədrlər erməni diasporunun ən güclü olduğu üç ölkə – ABŞ, Fransa və Rusiya olub.

“ATƏT Minsk qrupu ikinci Qarabağ müharibəsi başlayarkən ümumiyyətlə heç bir rol oynamadı. Azərbaycan birbaşa olaraq bildirdi ki, Minsk qrupunun bu münaqişədə heç bir işi yoxdur və onlar buraxıla bilər. Nəticədə ATƏT Minsk qrupu həmsədrləri fəaliyyətsiz qaldı”, – deyə o bildirib.

Onun fikrincə, bütün bunlara baxmayaraq ATƏT-in digər imkanları qalır.

“Xüsusən, Minsk qrupunun həmsədrlərindən başqa digər üzvləri də var. Bir çox ölkə neytral və ya Azərbaycana müttəfiq mövqe tutur, məsələn, Türkiyə. Ona görə də, təkcə həmsədrlərin deyil, məhz bütün ATƏT Minsk qrupunun fəallaşması mümkündür. Hazırda bir neçə mümkün mövqe mövcuddur. Birincisi, ATƏT-in dəqiq edə biləcəyi iş azad edilmiş Qarabağ ərazilərinin minalardan təmizlənməsinə kömək göstərməkdir. ATƏT-in bir çox ölkələrinin, Aİ üzvlərinin Asiya və Afrikanın müxtəlif ölkələrində regional münaqişələrdən sonra minaların təmizlənməsi işində böyük təcrübələri var. Ona görə də Qarabağa istehkamçıların göndərilməsi onların yerinə yetirə biləcəyi bir funksiyadır”, – S.Markov deyib.

O əlavə edib ki, ATƏT-in yerinə yetirə biləcəyi daha bir funksiya humanitar təmaslara kömək göstərməkdir.

“Məsələn, onlar Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında təmasların bərpasına kömək edə bilər. Onların icra edə biləcəyi daha bir vacib rol nəqliyyat kommunikasiyalarının açılmasına kömək göstərməkdir”, – politoloq əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button