Siyasət

AŞPA-dan hakimiyyəti narahat edəcək qərar: SİYASİ MƏHBUS PROBLEMİ HƏLL OLUNSUN

“Bu qərar Azərbaycanda siyasi məhbus var və yaxud da yoxdur kimi mübahisələrə son qoyacaq”.

Bunu araşdırmaçı jurnalist Xədicə İsmayıl BBC News Azərbaycanca Avropa Şurası Parlament Assambleyasının “siyasi məhbus probleminə” dair qətnaməsini şərh edərkən deyib.

AŞPA cümə axşamı günü keçirdiyi sessiyasında Azərbaycanda “siyasi məhbus probleminin” olduğunu bildirərək, onları araşdırılmasına və daha geniş islahatlara çağırıb.

“Siyasi məhbus” qətnaməsində nə deyilir?

“Azərbaycanın siyasi məhbus probleminə malik olması artıq heç bir şübhə doğurmur və bu problem struktur və sistem səciyyəli səbəblərin nəticəsidir”, – AŞPA-nın son qətnaməsində qeyd olunur.

Sənəddə Azərbaycan, İnsan Hüquqları Konvensiyasına uyğun olaraq öz öhdəliklərini yerinə yetirmək üçün “fundamental islahatlar” aparmağa çağrılır.

AŞPA qətnaməsində Azərbaycan siyasi məhbuslarla bağlı iddia edilən bütün işlərin müstəqil bir qurum tərəfindən araşdırılmasını təmin etməyə səsləyir.

AŞPA isə Azərbaycandakı “son islahatları” alqışlayır, lakin bildirir ki, problemin “tam və davamlı şəkildə həll olunması üçün” daha çox iş görülməlidir.

Sənəd, AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdottir məruzəsinə əsaslanır.

Azərbaycan qətnaməni necə qarşılayıb?

Qətnamənin layihəsi müzakirə olunarkən AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri məruzəçini qərəzlilikdə qınayıb və “siyasi məhbuslar” barədə ittihamı qəbul etmədiyini deyib.

“Azərbaycanda siyasi məhbusların olması barədə bəyanat ağır ittihamdır və biz bunu heç vaxt qəbul etmirik”, – Səməd Seyidovun sözləri Turan agentliyində iqtibas olunur.

Xədicə İsmayıl deyir ki, Azərbaycan hökumətindən problemin bir dəfəlik həlli üçün konkret addımlar gözlənilir.

Bəs qətnamədə əks olunan tələblərin Azərbaycana hansı təsiri ola bilər?

“Bu qərar Azərbaycanda “siyasi məhbus var və yaxud da yoxdur” kimi mübahisələrə son qoyacaq. Hökumətin siyasi məhbus yoxdur deməsinə heç bir haqqı qalmayıb”, jurnalist və keçmiş məhbus Xədicə İsmayıl deyir.

Xədicə İsmayıl BBC News Azərbaycancaya bildirir ki, Azərbaycan hökumətindən problemin birdəfəlik həlli üçün konkret addimlar gözləyirlər.

Onun sözlərinə görə, indiyədək taktika bu olub ki, siyahıya düşən bir nəfəri azad edəndən sonra başqa bir nəfər həbsə alınıb.

“Azərbaycanda həbsxanaların qapısı fırlanan qapı kimidir. Birisini buraxanda, o birisini içəri salırlar və bu növbəti müzakirə predmeti olur”, – Xədicə İsmayıl deyir. – “Ümid edirik ki, qətnamə buna son qoyacaq, çünki o, yeni siyasi məhbusların meydana çıxmasının qarşısını almaq üçün real addımlar tələb edir”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button