Siyasət

“Arutyunyanla Paşinyan həmin gün Şuşaya gedəcəklər” – sabiq səfir baş naziri və “prezidenti” ələ saldı

“Qarabağın “prezidenti” Araik Arutyunyanın və Ermənistanın Baş naziri Nikol Paşinyanın Şuşada Qarabağın parlament binasının açılış mərasimində iştirak etməsinə çox az vaxt qalıb”.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsinin sabiq katibi və ölkənin Polşada səfiri olmuş Edqar Kazaryan özünün “feysbuk” səhifəsindəki paylaşımında bildirib.

Sabiq səfir bununla da Araik Arutyunyanın ötən il müharibədən öncə Şuşada “parlament binası”nın tikintisinin tezliklə başa çatdırılacağı və “parlament”in Xankəndindən Şuşaya köçürüləcəyinə dair vədini yada salıb. Həm Paşinyanı, həm də Arutyunyanı ələ salan sabiq səfir xatırladıb ki, ötənilki 44 günlük müharibədən bir neçə gün əvvəl – sentyabrın 19-da A.Arutyunyan özünün “feysbuk” səhifəsində tikilməkdə olan həmin binanın şəklini paylaşaraq, ona belə bir mətn əlavə edib: “9 may 2022-ci ildə qala-şəhərin (Şuşa-red.) azad edilməsinin 30 illiyi münasibətilə Dağlıq Qarabağ parlamentinin rezidensiyası Stepanakertdən (Xankəndi-red.) Şuşaya köçürüləcək…”

Kazaryan yazıb ki, Arutyunyanın nəzərdə tutduğu günə, yəni mayın 9-na cəmi 200 gün qalıb: “Ümid edirəm ki, Nikol Paşinyan və Araik Arutyunyan həmin gün Şuşaya gedərək, vədlərinə əməl edəcəklər. Əks halda, hər ikinizdən xahiş edirəm ki, bu gündən etibarən vətəndaşların sizi necə adlandırması və xarakterizə etməsi barədə düşünəsiniz…”

 

 

Doğrudan da, ötənilki müharibə ərəfəsində istər Paşinyan, istərsə də separatçıların lideri də daxil olmaqla, erməni “elitası”nın əksər üzvləri Azərbaycanın heysiyyatı ilə oynayan müxtəlif təxribat səpgili açıqlamalar verir, hərəkətlər edirdilər. Özü də bu, təkcə Paşinyan hakimiyyəti dövründə deyil, demək olar bütün işğal illərində nəzərə çarpan element idi. Ancaq göründüyü kimi, uzun zaman çətinlikə də olsa səbr edən, gözləyən Azərbaycan xalqı, dövləti və ordusu cəmi 44 günə bütün bu yekəxana və yekəbaş hərəkət və bəyanatların cavabını artıqlaması ilə verdi. Ordumuzun Araik Arutyunyanın “parlament” üçün nəzərdə tutduğu binanın külünü göyə sovurması da bu cavabın tərkib hissələrindən biri oldu.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button