Mədəniyyət

Antik dövrə aid küp bərpa edilib

Milli Azərbaycan Tarixi Muzeyində antik dövrə aid dəfn küpü bərpa edilib.

Bu barədə  Milli Azərbaycan Tarixi Muzeyindən məlumat veriblər.

Bildirilib ki, Küp “Antik dövr üzrə Lerik-Yardımlı arxeoloji ekspedisiyası”nın 2020-ci il qazıntı mövsümündə apardığı axtarışlar zamanı aşkar olunub. Cari ildə Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasına daxil olmuş tapıntılar arasında Yardımlı rayonu, Urakəran kəndi ərazisindəki Bilgəh nekropolundan tapılmış 4 nömrəli dəfn küpü də yer alır. Ekspedisiyanın rəhbəri, t.ü.f.d. Ceyhun Eminlinin sözlərinə görə küp uzun əsrlər boyu ağır torpaq kütləsinin təzyiqinə tab gətirməyərək, tədricən sınaraq fraqmentlər şəklinə düşüb. Fraqmentlər altından dəfn küpü üçün səciyyəvi olan avadanlıq da tapılıb. Arxeoloq Ceyhun Eminli küpün dövrünü onun əlamətlərinə, avadanlığına və dəfn adətinə görə e.ə. I-e.II əsrlərə aid edib.

Küp muzeyə təhvil verildikdən sonra Bərpa laboratoriyasında restavrasiya işlərinə cəlb olunub. Bir neçə aylıq bərpa prosesindən sonra küp ilkin formasını alıb.
Ümumiyyətlə, bu dəfn küpü Yardımlı ərazisindən muzeyə daxil olmuş ilk nümunə olmaqla bərabər antik dövrdə cənub bölgəsində mövcud olmuş dəfn adəti haqqında dolğun təsəvvür yaradır. Bu baxımdan küp muzey eksponatı kimi xüsusi dəyərə malikdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button