Gündəm

Alpakanın durumu nazirliyi hərəkətə gətirdi

Azərbaycanın Müdafiə Nazirliyi avqustun 16-da Əfqanıstandakı sülhməramlı hərbçiləri ilə bağlı növbəti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Kabil beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil.

Məlumatda habelə əlavə edilir ki, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur: “Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir”.

MN: Əfqanıstandakı Azərbaycan hərbçiləri xidmətlərini davam etdirir

Azərbaycanın Müdafiə Nazirliyi avqustun 15-də Əfqanıstandakı Azərbaycanın sülməramlı hərbçiləri ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Azərbaycan ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir:

“Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir. “

Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Əvvəlcə 22 nəfər…

2002-ci il noyabrın 20-də Azərbaycan ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 2008-ci il yanvarın 15-də Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb.

2009-cu il oktyabrın 2-də Azərbaycan Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib. Həmin il fevralın 19-dan Azərbaycan ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçiriblər.

2010-cu ildən Azərbaycan Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib, sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.

“Qətiyyətli Dəstək” missiyası

2015-ci ilin yanvarın 1-dən etibarən, Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. 2018-ci ildən Azərbaycan şəxsi heyətinin sayını 120-yə çatdırıb.

Xatırlatma

Bu gün, avqustun 15-də Əfqanıstanın paytaxtı Kabilun şimalında və cənubunda hökumət qüvvələri ilə “Taliban” silahlıları arasında döyüşlərin getdiyi barədə xəbərlər yayılıb. Daha sonra “Taliban”-a istinadən məlumat yayılıb ki, onlar paytaxt Kabili silah gücünə deyil, danışıqlar yolu nəzarətə almaq istəyiblər. Əfqanıstan prezidenti Aşraf Qaninin danışıqlardan sonra ölkəni tərk etdiyi barədə məlumatlar yayılır.



AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button