Siyasət

Almaniyanın Azərbaycandakı səfiri: “Minsk Qrupunun mandatı hələ başa çatmayıb” – MÜSAHİBƏ

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin APA-ya müsahibəsi

– Almaniya 1998-ci ildən bəri ilk dəfə Avropa Şurası Nazirlər Komitəsinin Sədrliyini qəbul etdi və bu, beynəlxalq səhiyyə böhranının davam etdiyi bir dövrə təsadüf edir. Gözləntilər nədir, Almaniya bu missiyaya hazırdırmı?

– Almaniya sədrliyə 2018-ci ilin mart ayından bəri hazırlaşır. Federal Hökumət bütün heyət və maliyyə imkanları da daxil olmaqla bir çox mənbəni buna səfərbər edib. Buna görə də əminəm ki, proqramımız tam şəkildə reallaşdırılacaq.

– Almaniyanın sədrlik dövründə təşviq edəcəyi prioritetlər artıq elan olunub. Bu prioritetlər haqqında çoxtərəfliliyi xüsusilə qeyd etmək istərdim, çünki bəzilərinə görə Aİ effektiv çoxtərəfliliyi təşviq etmir. Almaniya çoxtərəfliliyi effektiv şəkildə necə təşviq edəcək?

– Fövqəlmilli qurum olan Aİ-dən fərqli olaraq, Avropa Şurası klassik beynəlxalq təşkilatdır. Bu mənada Avropa Şurası bütün üzv dövlətlərdən həm mülki qanunlarla bağlı məqamları, həm vətəndaş hüquqlarının qorunması, həm də həssas siyasi mövzuları müzakirə etmək və qərar vermək üçün tam öhdəlik tələb edir.

Avropa Şurası yekdillik tələbi ilə daha kiçik ölkələrin öz vətəndaşlarının maraq və mənafelərini təqdim etməsi və müdafiə etməsi, müttəfiq axtarması və digərlərini inandırması üçün forum təklif edir.

Nəhayət, Konvensiya və ya siyasət olsun, Avropa Şurasının qərarı keyfiyyətli möhürlə bağlanır. Qərar böyük tərəflər arasındakı güc mübadiləsinin nəticəsi deyil. Almaniya müasir dünyanın problemləri üçün danışıqlara, qaydalara əsaslanan həllərin tapılmasında maraqlıdır.

Buna görə, bütün üzv dövlətləri təşkilatın bütün səlahiyyətli orqanlarında fəal olmağa çağırırıq. Bu, qərar qəbul edənlərlə, həm də burada Azərbaycanda, daim davamlı dialoq yolu ilə həyata keçiriləcək.

Almaniya Avropa Şurasının büdcəsinin 10%-dən çoxuna töhfə verən böyük beş ölkələrdən biridir.

Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası üçün Xüsusi Hesab olan İnsan Hüquqları Güvən Fondlarını dəstəkləyirik.

Biz əminik ki, Avropa Şurası üzv dövlətləri və onların hökumətlərini öz vətəndaşlarını qorumağa dəstək verən və bunu tərəfsiz şəkildə, konvensiyalar hazırlayaraq, onları tətbiq edərək və ya Avropa İnsan Hüquqları Məhkəməsində onlara hüquqi müraciət edərək bütün üzv dövlətlərə bərabər münasibət göstərən ən yaxşı qurumdur.

– Prioritetlər arasında sosial media platformalarında nifrət nitqinə qarşı mübarizə də qeyd olunur. Almaniyanın bununla mübarizədə təklif edəcəyi hər hansı bir mexanizm varmı?

– Nifrət nitqi ilə mübarizə çox çətin məsələdir. Sosial mediada nifrət nitqini silmək və ya  istintaqın başladılması üçün prokurora müraciət etmək asan görünür. Ancaq əvvəlcə nifrət nitqinin nə olduğunu müəyyənləşdirmək üçün dəqiq tərif tələb olunur, ikincisi isə biz internetə senzuranı tətbiqini istəmirik.

Bir maşından nifrət nitqini filtrləməsini istəsək, bu, daha da mürəkkəbləşir. Almaniya süni zəkanın sərhədləri, fərdi şəxsi hüquqlar və dövlətlərin vətəndaşlarını qorumaq öhdəliklərinin balanslaşdırılmasına dair Avropa Şurası çərçivəsində müzakirəyə başlamaq niyyətindədir.

– Almaniyanın xarici işlər naziri Hayko Maas sədrliyin Almaniyaya keçməsi münasibətilə etdiyi çıxışında Ermənistan və Azərbaycan arasında son müharibəyə toxundu. Cənab nazir bildirdi ki, tərəfləri ATƏT-in Minsk qrupu çərçivəsində qalıcı siyasi həll yolu üzərində çalışmağa çağırır. Digər tərəfdən, bu günlərdə, xüsusilə ATƏT-in Minsk Qrupunun himayədarlığı altında post-sovet sülh diplomatiyasının təsirsizliyi barədə fikirlər eşidirik…

– Minsk Qrupu Ermənistan və Azərbaycan arasında danışıqları asanlaşdırmaq üçün bir qurum kimi yaradılıb. İlk illərdə hər iki tərəf bu orqanı istifadə edə bilmədi və ya istifadə etmək istəmədi. Hər biri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan üç həmsədr ölkənin tərəfləri danışıqlar masasında bir araya gətirməyi bacaracağı gözlənilirdi, təəssüf ki, tərəflər imtina etməyə davam etdilər. Mənim fikrimcə, Minsk Qrupu uğursuz deyildi – sadəcə, tərəflər ciddi danışığa müqavimət göstərirlərsə, siz iki düşməni bir masa arxasında oturmağa məcbur edə bilməzsiniz.

Danışıqlara gəlincə, bu gün fərqli situasiyadayıq. Noyabrın 9-da əldə olunan üçtərəfli bəyanatda nə Azərbaycanla Ermənistan arasında münasibətlərin təfərrüatları, nə də münaqişə bölgəsində yaşayan azərbaycanlıların və ya ermənilərin hüquq və vəzifələrinə toxunulmadığı üçün münaqişənin hərtərəfli və davamlı nizamlanması hələ də həllini gözləyir.

Minsk Qrupunun mandatı bu cür tənzimlənmənin asanlaşdırılmasını ehtiva edir, bu səbəbdən də bu mandat hələ başa çatmayıb. Beləliklə, həmsədrlər və Minsk Qrupunun işi davam edəcək.

– ATƏT-in Minsk Qrupunun daimi üzvü kimi Almaniya bu formatın effektivliyinin artırılmasına necə töhfə verə bilər?

– Almaniya, digər bir neçə Aİ üzv dövlətlərlə birlikdə Minsk Qrupunun üzvüdür. “Şərq Tərəfdaşlığı” proqramı vasitəsilə Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin və Aİ-yə üzv ölkələrin daha sıx əməkdaşlığına töhfə verə bilər. Aİ-nin nümunəsindən də göründüyü kimi, ortaq maraqların müəyyənləşdirilməsi və sıx əməkdaşlıq keçmiş düşmənləri barışdıra bilər.

Almaniya və Minsk Qrupunda təmsil olunan Aİ-yə digər üzv dövlətlərin həmsədrlərə üçtərəfli bəyanatda göstərildiyi kimi, çiçəklənən Cənubi Qafqazın inkişafı üçün Aİ-də hazırlanmış proqram və layihələrlə dəstək verə biləcəyinə inanıram.

– Bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasında sülh razılaşması Moskvanın vasitəçiliyi əldə olundu. Belə bir yanaşma var ki, bu günlər ərzində Avropa İttifaqı bu məsələdə rol oynamaq üçün ciddi səylər göstərmədi  və kənarda dayandı. Sizin də bu məsələ ilə bağlı fikrinizi bilmək maraqlı olardı.

– “Şərq Tərəfdaşlığı” Aİ-nin tərəfdaşları ilə, həmçinin Azərbaycan və Ermənistanla qarşılıqlı əlaqə vasitəsidir. Həm Almaniyanın Aİ Şurasına sədrliyi – kansler Angela Merkel və xarici işlər naziri Hayko Maas, həm də Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell atəşkəs, humanitar yardım və s. mövzularda danışıqlarda fəal iştirak etdi. Həm Aİ, həm də Almaniya və digərləri üçtərəfli bəyanatın humanitar aspektlərini reallaşdırmaq üçün BQXK-nı dəstəklədilər.

Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun digər iki həmsədrinin Moskvada əldə olunan üçtərəfli bəyanatın təfərrüatlarını öyrənmək üçün göstərdiyi səbirsizliyi başa düşürəm. Əminəm ki, Azərbaycan “Şərq Tərəfdaşlığı”nın etibarlı və güvənilir tərəfdaşı kimi Cənubi Qafqazdakı gələcək münasibətlərin formasını müzakirəsində Aİ və ona üzv dövlətlərlə əməkdaşlıq edəcək.

1 / 2



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button