Cəmiyyət

Ali məktəblərə qəbulun II mərhələsi üzrə sınaq imtahanları keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 15 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanları keçirib.

DİM-dən verilən məlumata görə, qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə (3 fənn) aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub.

Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilir. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayır. Onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilir və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunur.

Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanda ən yüksək nəticə göstərən 25 nəfər abituriyent 2022-ci il yanvarın 14-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.

Görüşdə DİM-in məsul işçiləri tərəfindən abituriyentlərə növbəti tədris ili üçün qəbul imtahanları, ixtisas seçimi və digər məsələlərlə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Abituriyentlər DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button