Cəmiyyət

Aİ və ÜST yerli səhiyyə qurumlarına 600-dən artıq avadanlıq verib

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının layihəsi çərçivəsində yerli səhiyyə qurumlarına 600-dən artıq avadanlıq təhvil verilib.

APA xəbər verir ki, 7 aprel – Ümumdünya Sağlamlıq Günündə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyi avadanlıqların təhvil-təslim mərasimini təşkil edib. Hər il aprel ayının sonunda keçirilən ənənəvi Avropa İmmunlaşdırma Həftəsi ərəfəsində təşkil edilmiş tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və yerli səhiyyə tərəfdaşları iştirak edib.

Tədbirdə COVID-19 pandemiyası ilə mübarizədə sözügedən layihə çərçivəsində görülmüş işlər və əldə edilmiş əsas nailiyyətlər qeyd edilib. Ölkədə həm COVID-19, həm də rutin peyvəndlərin saxlanması üçün soyuq zəncir sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzlərinə hər biri 145 litr peyvənd tutumuna malik 100 peyvənd soyuducusu, TƏBİB-ə isə hər biri 98 litr peyvənd tutumuna malik 200 peyvənd soyuducusu təhvil verilib. ÜST tərəfindən kvalifikasiya olunmuş bütün soyuducular enerji stabilizatoru və 30 günlük temperatur monitorinqini təmin edən cihazla təchiz edilib. Peyvənd soyuducularından əlavə, yerli səhiyyə tərəfdaşlarına səyyar immunlaşdırma kampaniyalarında istifadə məqsədilə xüsusi dizayn edilmiş 122 portativ peyvənd daşıyıcısı, həmçinin rəqəmsallaşma və nəzarət mexanizminin gücləndirilməsi məqsədilə 102 kompüter, 79 printer və 79 enerji qaynağı cihazı (UPS) təqdim edilib.

Qeyd edək ki, peyvəndlərin təhlükəsiz şəraitdə saxlanması və daşınmasının təmin edilməsi məqsədilə “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində əlavə avadanlıq və cihazların təhvil-təslimi planlaşdırılır. Bu məqsədlə, aprel ayının sonlarında ÜST-nin Azərbaycan Nümayəndəliyi tərəfindən daha 500 peyvənd daşıyıcısı TƏBİB-ə təhvil veriləcək. Təhvil verilmiş avadanlıqlardan düzgün istifadənin təmin edilməsi məqsədilə yerli tibb müəssisələrinin əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button