Cəmiyyət

Aİ və BMTİP peşə təhsili məzmununun müasirləşdirilməsinə dəstək göstərir

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) birgə təşəbbüsü ilə peşə təhsili məzmununun əmək bazarının tələblərinə daha çevik qaydada uzlaşdırılmasına dəstək məqsədilə fəaliyyətlər davam edir.

İstiqlal.az xəbər verir ki, bu gün, peşə təhsil müəssisələri və işəgötürənlərin iştirakı ilə Dual Peşə Təhsili proqramı çərçivəsində “aşpaz” ixtisası üzrə kurrikulumun müzakirəsi üçün dəyirmi masa təşkil edilib. Məqsəd əmək bazarında mühüm rol oynayan işəgötürənlərin və peşəkarların hazırki təhsil proqramı və modulları üzrə rəylərinin alınması və ixtisasın əmək bazarının tələblərinə tam uyğunlaşdırılması üçün təkliflərinin öyrənilməsidir.

Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində keçirilən bu tədbir təhsildə innovativ yanaşmalar komponenti və müvafiq olaraq, dual təhsil proqramı/iş yerində öyrənmə fəaliyyəti üzrə icra edilir. Qeyd olunmalıdır ki, dual təhsil proqramı tələbələrin real iş mühitində öyrənməsinə, bilavasitə peşə təhsilinin kefiyyətinin yüksəldilməsinə və müasirləşdirilməsinə, habelə təhsil alanların gələcəkdə inklüziv şəkildə işlə təminatının artırılmasına xidmət edir.

Tədbirdə kurrikulum üzrə mütəxəssis tərəfindən səriştə əsaslı təlim, peşə və kvalifikasiya standartı, kurikulum formatı, modul yanaşması və işəgötürənlərin gözləntiləri mövzuları haqqında danışılıb. Peşə təhsili almış qadın və kişi tələbələrin işə başlayarkən qarşıladığı çətinliklər, peşə təhsil müəssisələrində cari tədrisin bazara uyğunluğu ətraflı müzakirə edilib, o cümlədən aşpazlığa dair tədris mövzuları üzrə qrup işləri aparılıb. Tədrisin təkmilləşdirilməsi üçün Azərbaycanın aparıcı mehmanxana və restoranlarını təmsil edən mütəxəssislərin fikirləri öyrənilib və müvafiq düzəlişlər qeydə alınıb.

Tədbirdə əlaqədar rəsmi tərəflərlə yanaşı, “Azərbaycan Aşpazlar Gildiyası”, “CASA” Kulinariya Mərkəzi, “Böyüksaray”, “Saffron” restoranlar qrupuna aid olan “Paris Bistro”, “Amburan”, “Hard Rock Cafe”, “Zazu”, “Big Chef” restoranları, eləcə də “Boulevard Mariott Hotel”, “JW Mariott Hotel” və “Courtyard by Mariott” mehmanxanalarının aşpazları və mütəxəssisləri iştirak edib. Qeyd edək ki, sözügedən ixtisas üzrə təhsil proqramının müasirləşdirilməsi məqsədilə ön hazırlıq görüşü baş tutub və bu tədbirdən sonra da növbəti görüşlərin keçirilməsi və davamlı əməkdaşlıq nəzərdə tutulur.

Bu yanaşma layihə çərçivəsində icra edilən digər dual təhsil proqramları istiqamətlərində də davam edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button