Dünya

Aİ Şurasının Prezidenti: “Gec-tez Rusiyanın enerji resurslarından imtina edəcəyik”

“Borodyankada gördüklərimi sözlə ifadə etmək çətindir”.

APA xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə Kiyevdə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Buçada, İrpində, Borodyankada törədilənlər vəhşilikdir, müharibə cinayətləridir: “Bunları törədənlər cəzalandırılmalıdır.

Ukrayna xalqı həyatı üçün, azadlığı üçün savaşır, bu insanlar həm də Aİ-nin dəyərləri uğrunda canlarını qurban verirlər. Biz Ukrayna xalqının bu müharibədə qələbəsi üçün dəstək veririk və buna davam edəcəyik. Həm Aİ səviyyəsində Ukraynaya maliyyə dəstəyi verilir, həm də individual səviyyədə üzv ölkələr Ukraynaya maliyyə, hərbi və humanitar dəstək verir”.

Rusiyaya qarşı sanksiyalara gəlincə, Şarl Mişel bildirib ki, indiyə qədər individual şəxslər və hüquqi şəxslərə qarşı sərt sanksiyalar tətbiq olunub və bu davam edəcək.

Aİ lideri deyib ki, Rusiyanın enerji resurslarına qarşı embarqo müzakirə olunur və bu məsələ Avropa Parlamentində də müzakirə olunub.

“Biz tez və ya gec Rusiyanın enerji resurslarından imtina edəcəyik və bunun tez baş verməsi üçün tərəfdaşlarımızla işləyirik”, deyə Şarl Mişel vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button