Siyasət

Aİ azad olunmuş ərazilərdə bərpa layihələrini dəstəkləməyə hazırdır

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Sahibə Qafarova deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında geniş gündəliyə malik, səmərəli və uğurlu əməkdaşlıq mövcuddur.

O, Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu, qurumla əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədrinin sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Tərəflər arasında enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycan neftlə yanaşı, həm də Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib. Spiker Sahibə Qafarova ölkəmizlə bu qurum arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqların son mərhələdə olduğunu, Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq sənədləri imzaladığını diqqətə çatdırıb.

Görüşdə 44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi qələbə və hazırda regionda yeni yaranmış vəziyyət barədə də danışan Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan bu qələbə nəticəsində Ermənistanın 30 illik işğalına son qoyub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko Azərbaycanın Aİ üçün çox vacib tərəfdaş olduğunu diqqətə çatdırıb. O, ölkəmizlə qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini söyləyib. Petr Mixalko Aİ-nin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa layihələrini, o cümlədən, “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrini dəstəkləməyə hazır olduğunu bildirib. O, həmçinin qurumun ərazilərin minalardan təmizlənməsi işinə dəstək verdiyini də diqqətə çatdırıb.

Nümayəndəliyin rəhbəri qeyd edib ki, qarşılıqlı səfərlər münasibətlərin inkişafına dinamizm verir. O, “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində prosesin uğurla davam etdiyini qeyd edib, Şərq Tərəfdaşlığı sammitinin əhəmiyyəti, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakını xüsusi vurğulayıb.

Petr Mixalko Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında maraqlı olduğunu söyləyərək qeyd edib ki, Aİ bu istiqamətdə bütün addımları dəstəkləməyə, regional əməkdaşlıq səylərində iştirak etməyə hazırdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button