Cəmiyyət

Ağdam və Şuşaya bir dəfə səfər etmək məhdudiyyəti ləğv edildi

Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş Ağdam və Şuşaya bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Bununla yanaşı işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində də dəyişiklik edilib.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı – Şuşa – Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button