Mədəniyyət

ADPU-da Əhməd Cavadın 130 illiyi qeyd olunacaq

Azərbaycan ədəbiyyatının görkəmli sənətkarı, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavad keçən əsrin 30-cu illərində bütün sovetlər ölkəsini bürüyən, lakin ölkəımizdə misli görünməmiş dərəcəyə çatdırılmış repressiyanın saysız-hesabsız qurbanlarından biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən məşhur şairi olan Ə.Cavadın şəxsi və sənət taleyi uzun müddət xalqdan gizlədilmişdir. Lakin zaman keçdikcə mənsub olduğu dövrün sənətkarları arasında öz həqiqi yerini tutmağa, qiymətini almağa başlayır, onun əsərləri toplanıb nəşr olunur, haqqında elmi məqalə və monoqrafiyalar yazılır, orta və ali məktəb dərsliklərində həyat və yaradıcılığı öyrənilir.

Xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam böyük sənətkarın idealına, məsləkinə, qiymətli və zəngin çoxşaxəli yaradıcılığına dərindən bələd olmaq baxımından olduqca qiymətlidir. 20 aprel 2022-ci il tarixində imzalanan Sərəncamda deyilir: “Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.”

Əhməd Cavad (Axundzadə) 1922-ci ildə Ali Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olmuş, 1926-cı ildə həmin institutu uğurla bitirmişdir. Müxtəlif illərdə Respublikamızın orta və ali məktəblərində müəllim işləmişdir.

Sərəncama əsasən hazırlanan tədbirlər planına müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, Filologiya fakültəsində dekan vəzifəsini icra edən professor Mahirə Hüseynovanın rəhbərliyi ilə filologiya fakültəsində iclas keçirilmiş, müvafiq kafedraların, mərkəzlərin təşkilatçılığı ilə görkəmli şairin yubileyi ilə bağlı elmi-praktik konfransın, elmi seminarların, dəyirmi masaların keçirilməsi, fakültənin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin təşkilatçılığı ilə ədəbi-bədii gecənin hazırlanması qərara alınmışdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button