Mədəniyyət

Abşeron Milli Parkında “Şahdili peyzajı” adlı yaradıcılıq günü keçirilib

Abşeron Milli Parkının yaradılmasının 17-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə parkda açıq havada “Şahdili peyzajı” adlı yaradıcılıq günü təşkil edilib.

Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin rəsm əsərləri, həvəskar və peşəkar fotoqrafların fotoları milli parkda nümayiş etdirilib.

Həmçinin gənc rəssamlara parkın təbiətini əks etdirən natura rəsmlərini çəkmələri, fotoqraflara təbiət mənzərələrini, ornitofauna növlərini lentə almaları üçün şərait yaradılıb.

Abşeron Milli Parkında “Şahdili peyzajı” adlı yaradıcılıq gününün təşkilində məqsəd təbii varlıqları yaradıcı şəxslərin duyğularında təqdim etmək, milli parkın mövcud təbiət komplekslərinin rəssamların və fotoqrafların yaradıcı təxəyyülü ilə geniş kütləyə çatdırılmasına dəstək olmaqdir.

“Şahdili peyzajı” yaradıcılıq günündə parka gələn ziyarətçilər, eləcə də tədbirdə iştirak edən Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülər rəngarəng məzmunlu, rəsm və foto nümunələrindən ibarət sərgi ilə tanış olub, müxtəlif quş növlərini, xüsusilə də flaminqoları müşahidə ediblər.

Eyni zamanda, insanlara sağlam həyat tərzini aşılamaq, ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək məqsədilə milli parkda veloyürüş təşkil edilib.

Sonda əsərləri nümayiş etdirilən rəssamlar Abşeron Milli Parkı tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Qeyd edək ki, Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə yaradılıb. Abşeron yarımadasının və Azərbaycanın ən ucqar şərq nöqtəsi olan Abşeron Milli Parkı Şah dili burnunun ecazkar relyefi, müxtəlif ornitofauna növləri, xüsusilə də flaminqoları ilə məşhurdur.

Xatırladaq ki, 2021-ci ildə ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şahdağ və Abşeron milli parkları olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button