Cəmiyyət

ABŞ və İsrail səfirləri Gəncədə soyuducu anbarın açılışında iştirak edib

Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bağçılıq üzrə nümayiş layihələrinin açılışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, fevralın 24-də ABŞ-ın səfiri Li Litzenberqer, İsrailin səfiri Corc Dik, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və ADAU rektoru İbrahim Cəfərov universitetə məxsus ərazidə yaradılmış yeni soyuducu anbarın və beş nümunəvi meyvə bağının açılış mərasimində iştirak ediblər.

Bildirilib ki, USAID-in maliyyələşdirdiyi yeni soyuducu anbar və nümunəvi meyvə bağları Azərbaycanda yerli iqtisadiyyatın və kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləyəcək, eləcə də kənd yerlərində gəlirlərin artırılmasında, güclü və dayanıqlı icmaların qurulmasında mühüm rol oynayacaq. USAID bu yolla iqtisadi inkişafı sürətləndirir və yeni iş yerləri açır.

Səfir Li Litzenberqer qeyd edib ki, bağçılıq üzrə nümayiş sahələri və soyuducu anbar Azərbaycanda rəqabət qabiliyyətli kənd təsərrüfatı sektorunun vacibliyinə olan ortaq inamımızı ifadə edir: “Güclü aqrar iqtisadiyyat xalqın uzunmüddətli rifahının və dayanıqlılığının təmin olunmasında mühüm rol oynayır”.

Nümayiş sahələri İsrailin Azərbaycandakı Səfirliyinin (Beynəlxalq Əməkdaşlıq Agentliyinin (MASHAV) vasitəsilə) və USAID-in birgə dəstəyi ilə maliyyələşib.

Səfir Corc Dik deyib ki, İsrail hökuməti kənd təsərrüfatı sahəsindəki biliyini və təcrübəsini Azərbaycanla bölüşməyə həmişə hazır olub: “Bu gün biz, ABŞ hökuməti ilə əl-ələ verərək və Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq edərək azərbaycanlı fermerlər üçün təlimlər keçirik və ərzaq istehsalını ən qabaqcıl və effektiv metodlarla artırmaq üçün onları müxtəlif alətlərlə təmin edirik”.

ADAU rektoru İbrahim Cəfərov bildirib ki, 2022-2023-cü tədris ilində soyuducu anbarın işə salınması və intensiv meyvə bağlarının salınması universitetdə həyata keçirilmiş ən innovativ layihələrdən biridir: “Bu layihələr tələbələrin daha dərin praktiki bilik əldə etməsində, eləcə də onların dayanıqlı və peşəkar kənd təsərrüfatı mütəxəssisi olmasında vacib rol oynayır”.

Qeyd olunub ki, tələbələr ADAU-nun Tədris-Tədris Təsərrüfatında yerləşən və tutumu 16 ton olan soyuducu anbarının vasitəsilə meyvə-tərəvəzin soyudulması və soyuq mühitdə saxlanılması metodlarını öyrənəcəklər. Tələbələr, həmçinin bu layihə çərçivəsində ekoloji məsuliyyət prinsipinə əsaslanan, iqtisadi cəhətdən səmərəli və daha məhsuldar meyvə bağlarının salınması və idarə olunması üzrə praktiki bilik əldə edəcəklər. Yeni təsərrüfat infrastrukturunun sayəsində universitet fakültələrinin potensialı gücləndiriləcək, aqronomların və fermerlərin praktiki təcrübəsi artırılacaq, eləcə də ölkənin daha məhsuldar, rəqabət qabiliyyətli və rentabelli təsərrüfat sisteminə keçidi dəstəklənəcək.

***

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button